Yeni Çağ (Türkiyə): Rus muzdluları Liviyanı tərk etdilərbackend

Yeni Çağ (Türkiyə): Rus muzdluları Liviyanı tərk etdilər

Liviyanın Beni Valid şəhərinin meri Səlim Nevir Rusiyanın özəl hərbi “Vaqner Qrupu” şirkətinin Haftarın sıralarında döyüşən muzdlularının ölkəni üç təyyarədə tərk etdiklərini söylədi. Onun açıqlamasını sosial şəbəkələrdə yayılan kadrlar da sübut edir. Ancaq görüntülərdə yaraqlıların vaqnerçilər, yoxsa türk muzdluları olduğunu anlamaq çətindir.

KONKRET.az xəbər verir ki, Türkiyənin pilotsuz təyyarələrinin Liviya ordusuna verdiyi dəstəkdən sonra  BƏƏ, Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən tanınan qiyamçı Haftarın qoşunlarına edilən hücumlar bölgənin taleyini dəyişir.

Səlim Nevir yerli televiziyaya verdiyi müsahibədə “Vaqner Qrupu”ndan olan rus muzdluları barədə açıqlamalar verib.

Şəhər ağsaqqallarının yığıncağında muzdluların şəhəri tərk etmələri üçün Haftarın yaraqlılarına yerli vaxtla saat 15: 00-a qədər vaxt verildiyini bildirən Nevir “Vaqner Qrupu”nun qüvvələri üç təyyarə ilə çıxarıldı” deyib.

O, əlavə edib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Beni Validə “Vaqner Qrupu”nun qüvvələrini qorumaq üçün gətirilmişdi.

Geri çəkilmənin görüntüləri sosial şəbəkələrdə diqqət çəkib

Digər tərəfdən, Liviyadakı bir çox sosial media istifadəçisi “Vagner Qrupu”nun muzdlularının paytaxtın cənubunda yerləşən Tarhun şəhərindən geri çəkilmə və Beni Valid şəhərinə doğru hərəkət etmə görüntülərini paylaşıblar.

Bu görüntülər Vaqnerçiləri daşıyan hərbi və mülki nəqliyyat vasitələrinin artilleriya batareyaları və hava hücumundan müdafiə sistemləri ilə müşayiət olunduğunu göstərir.

Bu yaxınlarda Liviya ordusu Haftar yaraqlılarına qarşı müharibədə bir çox uğur əldə etdi.

Mayın 18-də Liviya hökuməti Haftar yaraqlılarını ölkənin qərbindəki Al-Batıya strateji bazasından qovduqdan sonra qərb bölgələrindəki müxtəlif yaşayış məntəqələrini azad etməyə davam etdilər.

Dünən mayın 24-də ordu birləşmələri paytaxtın cənubundakı geniş bir bölgəni, o cümlədən Xamza, Yermuk, Savarıx hərbi bazalarını azad etdi, Əl-Tekbali düşərgəsi nəzarətə götürüldü.

Haftar yaraqlılarının tərk etdiyi ərazilərdə çox miqdarda partlayıcı basdırıldığı ortaya çıxdı.

Rusiyanın “Vaqner Qrupu” Haftar tərəfində mübarizə aparır

Kremlin yüksək vəzifəli şəxslərinə yemək verilməsində iştirak etdiyi üçün “aşpaz” ləqəbini almış Yevgeni Priqojinə məxsus özəl hərbi şirkət Suriya, Ukrayna, Liviya və Afrika ölkələrindəki muzdlu və siyasi fəaliyyətləri ilə tanınır.

Bu şirkətin adı tez-tez Krımın Rusiya tərəfindən qanunsuz ilhaqı və Moskvanın Ukraynanın şərqindəki separatçı qruplara verdiyi dəstək zamanı xatırlandı. BMT-nin verdiyi məlumata görə, Tripoli uğrunda döyüş cəbhəsində mindən çox “Vaqner Qrupu”nun muzdluları döyüşür.

Bu günlərdə Haftar Türkiyəni təhdid etdi!

Haftarın Türk hərbçilərinə etdiyi təhdidə cavab olaraq “Liviya tarixindəki ən böyük hava kampaniyasını görərsiniz” deyən Türkiyə Xarici İşlər Nazirliyi “Türk maraqlarına zərbə olarsa, Haftar ünsürləri qanuni məqsədlərimizə çevriləcəkdir”, Türkiyə prezidentinin sözçüsü Kalın isə “Ən sərt şəkildə cavab verəcəyik” sözlərini bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*