Yeni nazirliyə dair detallarbackend

Yeni nazirliyə dair detallar

Azərbaycanda yeni dövlət qurumu yaradılır. İddialara görə, o, Milli Gəlirlər Nazirliyi (MGN) adlanacaq. Yeni qurumun yaxın günlərdə elan olunacağı gözlənilir.

MGN-nin Maliyyə Nazirliyinin bazasında formalaşdırılacağı, vergi və gömrük orqanlarının da həmin nazirliyin tabeliyində fəaliyyət göstərəcəyi iddialar sırasındadır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, hazırda ölkə başçısının bu istiqamətdə hansısa konkret qərarı yoxdur:

“Azərbaycanın iqtisadi inkişaf modeli artıq formalaşıb. Bu modeli özünü tam təsdiqlədib. Ölkənin dayanıqlı maliyyə inkişafının təmin olunmasında bu modelin çox böyük rolu var.

Ölkə iqtisadiyyatı sürətlə inkişaf edərək, dünya iqtisadiyyatında inteqrasiya etməkdədir. Hər il iqtisadi strategiyamız olan özəl sektorun inkişaf etdirilməsi, maliyyə imkanlarının genişləndirilməsi və qeyri-neft sektorunun yüksək səviyyədə nailiyyətlərin əldə olunması davamlı şəkildə özünü göstərir. Bütün bunların hər biri ölkədə aparılan düzgün iqtisadi islahatların nəticəsidir.

O ki qaldı hansısa qurumun və yaxud qurumların yaradılmasına, hər bir dövrün özünün iqtisadi prosesləri, tələbləri var. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, müəyyən struktur dəyişiklikləri, qurumların yaradılması baş tuta bilər. Ancaq hazırda bu barədə ölkə başçısının hər hansı bir konkret qərarı yoxdur. Ona görə də, bu barədə dəqiq bir fikir deyə bilmərik.

Sadəcə olaraq, ölkədəki fiskal və humanitar siyasət çox düzgün formada qurulub, dayanıqlı inkişaf təmin edilib. Zaman göstərəcək ki, dövrün tələblərinə uyğun addımlar öz nəticəsini hansı formada və necə verir”.

Hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, belə bir qurumun yaradılmasına həqiqətən də ehtiyac var:

“Əvvəla, həmişə belə bir qurumun yaradılmasının tərəfdarı olmuşam. 10 ildən çoxdur ki, bu fikri səsləndirirəm. Əksinə, İqtisadiyyat Nazirliyinə bu qədər orqanların verilməsi ilə razı olmamışam. Amma Maliyyə Nazirliyinin nəzdində vergi və gömrük qurumlarının olması da, ən düzgün yoldur.

Birincisi, həmin qurumların ayrıca nazirlik formasında olması artıqdır. İqtisadiyyat Nazirliyinin nəzdində vergi orqanının olması tam yanlışdır. Onun işi əsasən, sahibkarlığın inkişafı olmalıdır. .

Maliyyə Nazirliyi isə dövlət büdcəsini idarə edən bir orqandır. Hər il büdcə layihəsini hazırlayıb təqdim edir. Sonra isə onun icrasına nəzarət edir. Hamı bilir ki, Maliyyə Nazirliyi ilə digər dövlət orqanlarının əsas konflikti simic olması ilə bağlıdır. Bu, əslində, belə də olmalıdır. Amma digər əli ilə də yığmaqla məşğul olmalıdır. Maliyyə Nazirliyi isə bununla məşğul deyil. Yaxşı olar ki, yığımlarla Maliyyə Nazirliyinin özü məşğul olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*