Trampın dövlət katibi vəzifəsinə namizəd göstərdiyi Marko Rubio həmin vəzifəyə təsdiq olunarsa, yeni administrasiyanın əsas fiquruna çevrilə bilər. Bunu ekspertlər bildirir və gümün edirlər ki, Rubio böyük nüvuza malikdir. O, bu yaxınlarda ABŞ-nin İranla bağlı gələcək siyasətinin əsas istiqamətlərini açıqlayıb.
Rubionun xarici siyasətə yanaşması onun Xarici Əlaqələr Komitəsində və Senatın Kəşfiyyat Komitəsində işlədiyi illərdən qaynaqlanır. O, çıxışlarında ABŞ-nin qlobal maraqlarına qarşı artan hərbi və iqtisadi təhlükələr barədə xəbərdarlıq edir. Ola bilsin ki, Rubio Amerika xarici siyasətinin lideri olacaq, baxmayaraq ki, onun rolu şübhəsiz ki, Trampdan sonra ikinci planda qalacaq. ABŞ-nin yeni seçilmiş prezidentinin kortəbiiliyi və əvvəlki administrasiya dövründə həmkarları ilə ziddiyyətləri, bir-birinin ardınca əməkdaşları işdən çıxarması onun siyasətinin gözlənilməz tərəfidir. Hər halda, Rubionun açıqlamalarından müəyyən dərəcədə prezidentin planlarını mühakimə etmək olar.
Dövlət katibləri bütün dövrlərdə ABŞ-nin xarici siyasətinin formalaşmasında əsas rol oynayıblar. Cefferson, eləcə də onun 19-cu əsrdəki xələfləri Ceyms Medison, Ceyms Monro, Con Quinsi Adams, Martin Van Buren və Ceyms Byukanan sonradan prezident seçiliblər. 2004-cü il prezident seçkilərində prezident Corc Buşa uduzan Con Kerri və 2016-cı il seçkilərində Trampa məğlub olan Hillari Klinton da daxil olmaqla, son dövrlərin dövlət katibləri siyasi ambisiyalarında daha az uğur qazanıblar. Trampın ilk dövlət katibi Reks Tillersonla çox pis münasibəti var idi. Teamp onunla cəmi iki il işlədi. Daha sonra sosial şəbəkələrdəki paylaşımı onun karyerasının sonunu gətirdi. Rubio da bunları yaxşı bilir və Trampla ehtiyatlı davranmalıdır. Üç gün əvvəl ABŞ qanunvericiləri qarşısında çıxış edən Rubio bir sıra mühüm açıqlamalar verib. Əslində o, Trampın beynəlxalq planlarından danışıb.
Marko Rubio İranla bağlı bəzi açıqlamalarla diqqət çəkib. Onun çıxışında çox aydın, tutarlı şəkildə təqdim etdiyi bir sıra məqamlar var idi ki, bu da o deməkdir ki, onlar Vaşinqton administrasiyasının gələcək siyasəti üçün əsas ola bilər.
O, ilk növbədə İran xalqı ilə ölkəni idarə edən radikal ruhanilər arasında fərq qoymağın vacibliyini vurğulayıb. Rubio deyib ki, iranlılar qədim sivilizasiya və mədəniyyətə malik xalqdır, halbuki mövcud rejim onların dəyərlərini əks etdirmir. Rubio daha sonra qeyd edib ki, İran indi son illərin ən zəif mövqeyindədir və bunun əsasında üç amil dayanır: çökən iqtisadiyyat, enerji problemləri və regionda nüfuzun itirilməsi. Həqiqətən də İran eyni vaxtda çökən valyuta, illik 40 faizlik inflyasiya, təxminən 70 faiz yoxsulluq və enerji böhranı yaşayır ki, bu da hakimiyyətin qışda yüzlərlə müəssisə və dövlət qurumunun elektrik enerjisini kəsməsinə səbəb olub. Bütün bunlar ağır hərbi-siyasi məğlubiyyət fonunda baş verib. Tehran Suriyada dayağını itirib, proksiləri Hizbullah və HƏMAS isə İsrailin zərbələri nəticəsində zəifləyib. Amerikalılar yəqin ki, İranın zəifliyindən istifadə edərək ona təzyiq etmək istəyəcəklər. Rubio həmçinin qeyd edib ki, İran rejimi daxilində həll yolu tapmaq üçün iki yanaşma var. Biri böhrandan çıxış yolu axtarmaq, digəri isə nüvə silahının gücləndirilməsinə yönəlib. Rubionun senatorlar qarşısında çıxışının ən mühüm hissəsi onun etdiyi xəbərdarlıqlar olub. Əvvəlcə o, İranın nüvə gücünə çevrilə bilməyəcəyini bildirib.
Daha sonra deyib ki, ABŞ Tehranın Yaxın Şərqdəki qonşularını təhdid etməyə imkan verməyəcək.İkincisi, o qeyd edib ki, Hizbullahın bərpası İranın hərbi gücünün artmasına şərait yarada bilər.
Üçüncüsü, o, İranın yüksək rütbəli Amerika rəsmilərinə sui-qəsd təşkil etmək cəhdləri kimi real təhlükələri xatırladıb.
Hamısı birlikdə Vaşinqtonun İran rejiminə qarşı sərt gələcək yanaşmasına işarə edir. Bunu “Bloomberg”in Tramp komandasının fəaliyyətinin bəzi sahələri ilə bağlı dərc etdiyi hesabatlar da sübut edir. Nəşr yazır ki, yeni seçilmiş prezidentin müşavirləri arasında onun gələcək siyasətinin bəzi istiqamətləri ilə bağlı yekdil fikir var. İrana qarşı maksimum təzyiq siyasətinə qayıtmaq və andiçmə mərasimindən dərhal sonra ona qarşı geniş sanksiyalar tətbiq etməkdir. Söhbət neft sənayesindəki əsas oyunçulara təsir edəcək və hələ fevralda həyata keçirilmə ehtimalı olan sanksiyalar paketindən gedir. Trampın birinci dövründə oxşar yanaşma İran neftinin ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Həmin vaxt İran neftinin ixracı gündəlik təxminən 700 min barel təçkil edirdi. Bayden vəzifəyə gəldikdən sonra İranın neft ixracı gündəlik təxminən 2 milyon barrelə yüksəlib və bunun da 90 faizi Çinə ixrac edilir.
Trampın yanaşması neft qiymətlərinin artmasına səbəb ola bilər. Vaşinqtonun dünyanın aparıcı neft istehsalçılarına – Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir vaxtda neft bazarında tədarük və qiymətlərdə ciddi pozuntuların qarşısını necə almaq olar? Üstəlik Venesuelaya tətbiq edilən sanksiyaları da nəzərə alsaq, Tramp dövründə dünyanın neft bazarında qıtlıq müşahidə olunacaq.
Vəli Həsənoğlu,
KONKRET.az