Yanvarın 1-dən Rusiya 1,2 milyard ədədə qədər idxal edilən toyuq yumurtası üçün idxal rüsumunu sıfırlandı.
KONKRET.az xəbər verir ki, bu barədə qərarı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
Qaydalar 30 iyul 2024-cü il tarixinədək qüvvədə olacaq. Sənəddə izah edilir ki, daxili bazarda təklifi artırmaqla qiymətləri sabitləşdirmək planlaşdırılır.
Qərarda məhsulların rüsumsuz idxalına dair sənədlərin verilməsi qaydası da təsdiq edilir. Proses müvafiq təşəbbüslə çıxış edən Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tənzimlənəcək.
Bir gün əvvəl Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bildirmişdi ki, Rusiyada yumurta qıtlığı var. Yeni ildən sonra yumurtanın qiyməti sabitləşəcək. O, vəziyyəti qarabaşaq yarması və şəkərlə bağlı koronavirus pandemiyası zamanı baş verənlərlə müqayisə edib.
Dekabrın 18-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hökumət toyuq yumurtasının qiymətlərini sabitləşdirmək üçün fəal şəkildə işi davam etdirir və bu, artıq öz nəticəsini verir.
Bundan əvvəl, dekabrın 14-də Rusiya prezidenti Vladimir Putin qeyd etmişdi ki, tələbat artdığına görə bu məhsulun maya dəyəri artıb, lakin istehsal artmayıb. Dövlət başçısı əlavə edib ki, toyuq yumurtasının qiymətində vəziyyət yaxşılaşacaq.
Natiq Səlim,
KONKRET.az