Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Ukrayna ilə bağlı planlarını sərt şəkildə tənqid edib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Zaxarova çıxışında Ukraynada hərbi kontingent yerləşdirilməsi ilə bağlı istənilən ssenarini qəbuledilməz adlandıraraq, bunun nəzarətsiz eskalasiyaya səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya rəhbərliyinin və “istəklilər koalisiyası”nın Ukraynaya NATO hərbçiləri göndərmək barədə bəyanatları ABŞ və Rusiya arasında gedən sülh səylərini pozmağa yönəlib.
Zaxarova həmçinin qeyd edib ki, Moskva Londonu riskli geosiyasi addımlardan çəkinməyə və Rusiya ilə ABŞ nümayəndələrinin danışıqlarına mane olmamağa çağırır.
“Londonda Ukraynada vəziyyətin həllində maraqlı deyillər, əksinə, qanlı toqquşmaları uzatmaq üçün hər cür addım atırlar”, – deyə Rusiya XİN sözçüsü əlavə edib.