Zaxarovanın “rusiyalıların azad olunması normallaşmaya doğru addımdır” ifadəsinin PƏRDƏARXASI: Bakıya təzyiq, yoxsa… backend

Zaxarovanın “rusiyalıların azad olunması normallaşmaya doğru addımdır” ifadəsinin PƏRDƏARXASI: Bakıya təzyiq, yoxsa... 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “rusiyalıların azad olunması normallaşmaya doğru addımdır” fikri Azərbaycanda müzakirələrə səbəb olub. Bunu Bakıya açıq təzyiq kimi qiymətləndirmək mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Zaxarovanın dedikləri reallığı əks etdirmir:

“Azərbaycan hər zaman Rusiya ilə normal münasibətlərə önəm verib. Lakin qarşı tərəfdən adekvat addımlar görməmişik. AZAL təyyarəsi ilə bağlı baş verən hadisədə də Rusiya dövlət səviyyəsində məsuliyyət daşımadığını nümayiş etdirdi. Əgər vaxtında kompensasiya ödənilsə, üzr istənilsəydi, münasibətlər bu qədər gərginləşməzdi”.

Politoloq qeyd edib ki, əksinə, Rusiya sonrakı dövrdə Yekaterinburq və digər şəhərlərdə azərbaycanlılara qarşı güc nümayişlərini tirajladı:

“Bu gün də Rusiya XİN hadisə ilə bağlı ödənilən sığorta məsələsini manipulyasiya edir və informasiya çaşqınlığı yaratmağa çalışır. Münasibətlərin korlanmasının səbəbkarı Moskvanın qeyri-adekvat addımlarıdır. Buna baxmayaraq, indi Bakıya “normallaşma üçün hansı addımlar atmalı olduğu” barədə açıqlamalar verilməsi təzyiqdən başqa bir şey deyil”.

İsmayılovun sözlərinə görə, məhz bu yanaşma Azərbaycan–Rusiya münasibətlərində yaranmış soyuqluğun aradan qalxmasını yubadır.

Politoloq Polad Mehdiyev isə açıqlamasında bildirib ki, Zaxarova bu bəyanatı ilə faktiki olaraq Azərbaycana “Münasibətlər yalnız bizim vətəndaşlarımız azad olunarsa normallaşa bilər” mesajını verir:

“Bu, diplomatik dildə şərt qoymaq və ya gizli ultimatum formasıdır. Rusiya hadisəni birtərəfli çərçivəyə salır – yəni, rusiyalıların məsələsini ön plana çıxarır, amma Rusiyada azərbaycanlılara qarşı zorakılıq və ölümlərə toxunmur. Bu isə Bakıya yönəlik təzyiq effekti yaradır: “Əgər münasibətlərin yaxşı olmasını istəyirsinizsə, əvvəlcə bizim vətəndaşlarımızı buraxın”. Bu açıqlama həm də Rusiya ictimaiyyətinə hesablanıb, Moskva sanki Bakıya diktə edə bilirmiş kimi təqdim olunur.”

Politoloq vurğulayıb ki, Azərbaycan bu bəyanatı “asılılıq yaratmaq cəhdi” kimi görür və açıq şəkildə göstərir ki, ikitərəfli münasibətlər fərdi məhbusların taleyindən asılı deyil:

“Prezident İlham Əliyevin siyasəti hər zaman Azərbaycanın suverenliyini, hüquqi əsaslarını və milli maraqlarını qorumağa söykənib. Bakı üçün münasibətlərin bərpası yalnız humanitar jestlərlə deyil, qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq normalarına əməl olunması ilə mümkündür. Azərbaycan açıq şəkildə göstərir ki, heç bir təzyiq onun mövqeyini dəyişə bilməz.”

Mehdiyev əlavə edib ki, saxlanılan rusiyalılar Azərbaycan qanunvericiliyini pozublar və məhkəmə qərarı olmadan azad edilə bilməzlər:
“Bu məsələ Vyana Konvensiyası (1963), BMT-nin insan hüquqları mexanizmləri və ikitərəfli hüquqi yardım müqavilələri çərçivəsində hüququn predmetidir.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*