Zelenski “dizlərini yerə qoydu” – Volodimir niyə birdən-birə sülh danışıqlarına qərar verdi? – ŞOK SƏBƏBLƏRbackend

Zelenski "dizlərini yerə qoydu" - Volodimir niyə birdən-birə sülh danışıqlarına qərar verdi? - ŞOK SƏBƏBLƏR

ABŞ-a hakimiyyət dəyişdikdən sonra Qərbin Ukraynaya münasibəti fərqli məcrada davam edir. Tramp administrasiyası Ukraynaya hərbi dəsdəyi dayandırdığını bəyan edib və USAİD-in Kiyevə maddi yardımını kəsib. Rəsmi Kiyev isə həlqənin daraldığının fərqindədir və danışıqlar masasına oturmağı düşünür. Ukrayna prezidenti Volodimir Zelensikinin danışıqlara hazır olmaq haqqında bəyanatı bir çox suallar yaradır. 3 il ərzində Qərbin dəstəyi ilə qanlı müharibə aparan Ukrayna indi Rusiya ilə danışıqlara başlamaq ərəfəsindədir. Bəs Zelenskinin bu açıqlaması hansı məntiqə sığır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Zərdüşt Əlizədə bildirib ki, “özgə atına minən tez düşər”:

Zərdüşt Əlizadə: Ya Rusiya dağılmalıdır, ya Azərbaycan xalqı dəyişməldir  [Video-Müsahibə]

“Ukrayna hakimiyyəti elan edirdi ki, Avropa Birliyinə və NATO-ya gedir. Aİ-yə daxil olmaq üçün Avropa Birliyinin özünün razılığı olmalıdır. Türkiyə neçə ildir Aİ-nin qapılarını döyür. Güclü iqtisadiyyatı var, NATO-nun üzvüdür, Avropanın bir hissəsi olsa da, Türkiyəni ora buraxmırlar. Eyni zamanda demokratik inkişaf mərhəsində, Türkiyədən xeyli geri qalan Şərqi Avropanın sabiq sosialist düşərgəsindəki ölkələri qəbul etdilər. Bu, o düeməkdir ki, Aİ hər dövləti qəbul etmir. Öz xeyrini güdür, imkanlarını nəzərə alır. Ukrayna SSRİ-nin tərkibindən çıxanda onun 45 milyon əhalisi var idi. Ərazicə Rusiyanı nəzərə almasaq, Avropanın ən böyük dövləti idi. Sənaye, iqtisadi potensialı yalnız Almaniya ilə müqayisə edilə bilərdi. Yəni, Polşadan, hətta Fransadan qat-qat böyük idi. Təbii ki, Aİ belə bir dövləti öz sıralarında görmək istəmirdi. Çünki bu, onlara əsas rəqib olacaqdı”.

Daha sonra Ukraynanın NATO-ya üzv olmaq niyyətindən danışan politoloq bildirib ki, Şimali Atlantik Alyansı Kiyevi yaxın buraxmaq istəmirdi:

“NATO bəyan etdi ki, Ukraynaya namizədlik statusu verir. Bizdə bir mahı var: “Səni sevəcəyəm, sən sevməsən də”. Ukrayna da NATO-ya bu prinsiplə yanaşdı. Onlar Ukraynanı rədd etdikcə Kiyev NATO deyib dayandı. Bu da, Rusiyanı qıcıqlandırmaya bilməzdi. Rusiya bütün dövrlərdə NATO-nu özünə düşmən hesab edib. Bu Rusiyanın rəsmi dövlət siyasətidir və hesab edir ki, NATO-ya daxil olmaq istəyən hər hansı ölkə düşməndir. Gürcüstanın NATO-ya girməyi tamamilə nisyə söhbət olanda, 2008-ci ildə Rusiya hücum edib onları məğlubiyyətə uğratdı. Ukrayna bundan nəticə çıxartmadı. Hətta 2010-cu ildə əhali arasında sorğu aparıldı, əhalinin 65% NATO-ya girməyin əleyhinə idi. Onlar bildirirdi ki, biz neytral statusu istəyirik. Amma hakim dairələr dxilində siyasi mübarizə aparan müxtəlif qüvvələr NATO və Aİ məsələsindən istifadə edərək bir-birilərini ittiham etdilər. Axırda Yanukoviçi devirdilər və hakimiyyətə gələn Poroşenkonun dövründə konstitusiyaya belə bir bənd saldılar ki, Ukraynanın yolu Ai və NATO-dur. Ondan sonra Rusiya Ukraynanı cəzalandırmaq qərarı verdi. Bilirsiniz ki, beynəlxalq qanunlar kiçik və zəif dövlətlər üçündür. Güclü, böyük, nüvə silahı olan dövlətlər beynəlxalq qanun dsaymır. Rusiyanın Ukraynaya hücumuna da bu konteksdən yanaşılmalıdır. Təsəvvür edin, Rusiya Ukraynanın 20% ərazisini tutub”.

Qərbin Ukrayna-Rusiya müharibəsindən bəhrələndiyini deyən Zərdüşt Əlizadə qeyd edib ki, Avropanın əsas məqsədi həm də Rusiyanı öz qonşularıyla düşmən eləmək idi:

“Bununla Qərb Rusiyanı təkləmək niyyətindədir. Ukrayna-Rusiya müharibəsi Qərbə sərf edirdi. Ona görə onlar Ukraynaya müəyyən hərbi dəstək göstərməyə başladılar. Amma bir şərtlə ki, nə Ukrayna qələbə qazansın, nə də məğlub olsun. Onların məqsədi o idi ki, müharibə sonsuza qədər davam eləsin. Müharibə davam etdikcə Rusiya haldan düşür, təklənir, təcrid olunur, insan tələfatı artır. Bütün bunlar Ukraynada da baş verir və hər iki tərəf zəifləyir. Müharibə başlayandan bəri 10 milyondan çox insan Ukraynadan qaçıb. İndi onların əksəriyyəti Avropa və ABŞ-yə sığınıb. İndi əhalinin sayı 35 milyona düşüb. Onların da yarısı yenə qaçmağa başlayıb. Sənayesi darmadağın edilib. Vaxtıilə Sovet dövründə Ukrayna sənayesi Rusiya sənayesi ilə üzvi vəhdətdə idi. Həmin əlaqələr də qırıldı. Sonuncu ticari-iqtisadi əlaqə Rusiya qazının Ukrayna ərazisindən Avropaya daşınması idi, o da bağlandı. İndi hər iki tərəfdən 100 minlərlə adam həlak olub. Daha çox sayda insan şikəst olub. Ukrayna tamamilə Qərbdən asılı vəziyyətdədir. Amma Ukraynada ağıllı adamlar çoxdur və daim deyirdilər ki, Qərb bizi aldadır. Məsələn Sergey Dadçuk adlı bir filosofları var. O, həmişə bu kontesktən çıxış edib.

Andrey Bolomestr var. O da Dadçukla həmfikir idi. Amma onları adam yerinə qoymurdular. Ukrayna əks-hücuma keçməyə hazırlaşanda birdən-birə 6 aylıq hərbi yardımı kəsdilər. Bütün bu müddət ərzində Rusiya işğal etdiyi ərazilərdə möhkəm istehkamlar qurdu. Əraziləri minaladı. Daha sonra Ukrayna ordusu hücuma keçəndə məğlub oldu. İndi Rusiya addım-addım Ukrayna ərazilərini işğal edib. Üstəlik Ukrayna Qərbə ümid bəsləyərək qərar verdi ki, biz Putinlə danışıq aparmayacağıq. Yaxşı, bəs müharibənin dayanması üçün kimlə danışıq aparacaqsan? Putinsə deyir ki, Zelenskinin konstitusion möhləti keçib. Qərb Ukraynanı müdafiə etmək fikrində deyil. Sadəcə onlar bu müharibədən faydalanır. Hər iki tərəfin zəif düşməsi onlara sərf edir. Bu, Qərb imperalist siyasətinin köhnə fəndidir. ABŞ imperalist dövlətdir. Açıq-aşkar deyir ki, biz Qrenlandiyanı işğal edəcəyik. Panama kanalı bizimdir. Meksika körfəzi Amerikaya aiddir. Bu, Ermənistanın işğalçılıq siyasətindən nə ilə fərqlənir? Mahiyyət eynidir. İndi Trampın maliyyə yardımını kəsməsi şəraitində, hərbi yardımın dayandırılmasından sonra Ukrayna öz hərbi sənayesinə bel bağlamalıdır. Amma indi orada elə ciddi hərbi sənaye qalmayıb. Ordu bərbad vəziyyətdədir. Əhalisi qaçıb. Ölkə daxilində korrupsiyaya uğramış hakim zümrə heç cür Ukrayna xalqının obyektiv tələblərini ifadə edə bilmir. Belə bir şəraitdə Ukrayna Qərbin dəstəyindən də məhrum olub. İndi son söz Trampındır. Müharibənin ilk mərhələsində dünyada qəhrəman, mübariz prezident kimi xarakterizə edilən Zelenski indi çətin vəziyyətə düşüb. Ukrayna Qərb qarşısında böyük burya içərisindədir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*