Bu gün Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən üç il ötür. Arxada qalan üç ildə nələr baş verdi? Əslində Moskva hesab edirdi ki, Rusiya Silahlı Qüvvələri cəmi bir neçə günə Ukraynanı tamamilə işğal etməyi bacaracaq. Amma Putinin yanılış hesablamaları müharibənin uzanmasına səbəb oldu. Əvəzində dünyanın əksər dövlətləri Ukraynaya hərbi yardım göstərməyə başladı. Təbii ki, marafonun başında dayanan qüvvə ABŞ idi. Ukraynaya milyardlarla dollar dəyərində silah və hərbi texnika göndərən Bayden administrasiyası, eyni zamanda Rusiyaya müxtəlif istiqamətlərdə sanksiyalar tətbiq etməyə başladı. ABŞ-la yanaşı Avropa ölkələrinin dəstəyi də Rusiyanın Ukraynadakı işini çətinə saldı və müharibə uzandı. Hətta bir neçə dəfə Ukrayna müttəfiqlərinin köməyindən istifadə edib əks-hücuma da keçdi. Amma hadisələrin sonrakı gedişi ortaya fərqli mənzə qoydu. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Rusiya-Ukrayna cəbhəsində də vəziyyət dəyişdi. Bayden administrasiyasının dəstəklədiyi Ukrayna birdən-birə küncə sıxışdırıldı. ABŞ-ın yeni prezidenti Tramp Zelenskini qeyri legitimlikdə ittiham edərək onu ələ saldı. Eyni zamanda Ər-Riyadda Ukrayna-Rusiya müharibəsinin müzakirəsi ABŞ-la Rusiya arasında Ukraynasız baş tutdu. Beləliklə, dünya nizamının dəyişdiyi bir vaxtda ABŞ öz maraqlarını diktə etməyə başladı.
Mövzunu KONKRET.az-a şərh edən “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ukrayna bir tərəfdən Rusiyanın işğalına məruz qalıb müharibə aparır, digər tərəfdən strateji müttəfiqi onu satmağa hazırlaşır:
Elxan Şahinoğlu
“Söhbət ABŞ-dan gedir. Ukraynanın başı üzərindən Səudiyyə Ərəbistanında danışıqlar aparıldı. Bu azmış kimi, Amerika prezidenti və digər rəsmlər Zelenskini aşağılamağa başlayıblar. Tramp deyir Zelenskinin cəmi 4% reytinqi var. Halbuki bu, belə deyil. Zelenskinin reytinqi getdikcə artıb. ABŞ dövlət katibi Rubio deyir ki, Zelenski ölkəni tərk etməlidir. Belə vəziyyətdə aydındır ki, Ukrayna Amerikanın vasitəçiliyini qəbul etməyəcək. Rusiya ilə danışıqların nəticəsini də tanımayacaq. Onda Amerika faktiki kənarda qalacaq. Bundan sonra bütün yük Ukraynanın öz üzərinə düşəcək. Heç Avropa da onlara elə ciddi dəstək göstərmir. Trampın məqsədi atəşkəsə nail olmaqdır. Amma atəşi dayandırmaq münaqişənin həlli demək deyil. Münaqişənin həlli mürəkkəb durumdadır. Amma belə şərtlər altında Ukrayna prezidenti Amerikanın atəşkəs təklifinə də razılaşmayacaq. Çünki Ukrayanaya təhlükəsizlik təminatı lazımdır. Belə bir təhlükəsizlik təminatını isə ABŞ vermək istəmir”.
Vəli Həsənoğlu,
KONKRET.az