“Rusiya Ukraynanı tamamilə işğal edib məhv edə bilməyəcək. Çünki, Putin 10 il belə yaşaya bilməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Braziliyanın “Globo” telekanalına müsahibəsində deyib.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi Putinin Bəşər Əsədi dəstəklədiyi Suriyadakı müharibəyə bənzəyirmi sualına Zelenski belə cavab verib:
“Suriyanın başına gələnlər Ukraynanın başına gələ bilməz. Bu ola bilməz. Putin o qədər yaşamayacaq. Və bizimlə döyüşdüyü tempdə Suriyada döyüşməyib. Dəhşətli iztirablar və dağıntılar olsa da, bu, başqa müharibədir”, – deyə Zelenski vurğulayıb.
Ukrayna dövlətinin başçısı bildirib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün miqyasını Suriyada baş verənlərlə müqayisə etmək olar. Amma onun fikrincə, Ukraynaya qarşı müharibə ilə Suriyadakı fərqlidir.
“Bütün Rusiya ordusu bizim torpaqlarımıza gəldi. Bu ordunun onurğa sütunu cəbhədə və küçələrdə Ukrayna ordusu və ukraynalılar tərəfindən maksimum dərəcədə darmadağın edildi. Dünyanın Suriya faciəsi ətrafında birləşdiyini düşünmürəm. Məncə, bu, böyük səhv idi. Dünyanın müharibənin hardasa uzaqda olduğunu düşünməsi həmişə böyük səhvdir”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Putin uzun illər davam edən müharibədən sağ çıxa bilməyəcək:
“O öləcək. 10 il belə davam etməyəcək. Putin artıq o fiqur deyil. Onların döyüş meydanındakı bütün hərəkətləri onu göstərir ki, bu gün Rusiya Ukraynanı tam işğal edib bizi məhv etmək iqtidarında deyil. Bunun üçün nəfəs almalıdırlar? Bəli! Güclərini yenidən toplamaq üçün vaxt lazımdırmı? Bəli! Sanksiyaları aradan qaldırmaq və ən azı dünyanın bir yerində siyasi dəstək almaq üçün güc toplamaq üçün bu vaxta ehtiyac varmı? Bəli! Bütün bunlar üçün isə Ukraynanın susması lazım olacaq. Ukrayna bütün bu müddət ərzində susmayacaq. Ukrayna hərəkətə keçəcək”, – deyə Ukrayna lideri vurğulayıb..
Burhan,
KONKRET.az