Ukrayna nümayəndə heyəti memorandum əsasında Rusiya ilə humanitar məsələləri müzakirə etmək mandatına malikdir.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanın Válasz Online nəşrinə müsahibəsində deyib.
“Bizim memorandum danışıqlar üçün əsasdır. Buna əsaslanaraq, nümayəndə heyətimiz humanitar məsələləri – hərbi əsirlərin və oğurlanmış uşaqların taleyini – və ya atəşkəsi müzakirə etmək mandatına malikdir. Lakin onun Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müzakirə etmək mandatı yoxdur. Bu, bizim konstitusiya məsələmizdir”, – Zelenski bildirib.
Prezident vurğulayıb ki, Ukrayna işğal olunmuş əraziləri Rusiya kimi tanımır: “Biz dəfələrlə bəyan etmişik: əgər Putinin müharibəni davam etdirə bilməyəcəyinə dair müvafiq təhlükəsizlik zəmanəti alsaq, o zaman ərazi məsələlərini həll etməyə vaxtımız olacaq. Ancaq bunu güclə yox, diplomatik yolla edəcəyik. Ərazilərlə bağlı danışıqlar aparmaq mənim işimdir”.
Zelenskinin sözlərinə görə, Ukrayna müharibəni bitirmək istəyir, lakin bunun üçün hər iki tərəfin iradəsi lazımdır: “Qarşı tərəf buna hazır deyilsə, həmişə nəsə fikirləşəcək. Bizə güclü vasitəçilər lazımdır ki, onlar danışıqlar zamanı əldə olunmuş razılaşmalardan imtina edə bilməsinlər”, – Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az