Zelenski Ukraynanın itkilərini niyə gizlətdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukraynanın hərbi-siyasi rəhbərliyi itkilər barədə məlumat paylaşmamaq qərarına gəlib və bunu davam etdirməyi planlaşdırır.
Zelenski vurğulayıb ki, Ukrayna hakimiyyətinin “bölüşmədiyi” müəyyən məlumatlar var.
“Bu, bütün ordunun ümumi qərarıdır. Biz hər şeyi qeyd edirik, hər bir insan vacibdir və bizdə bütün rəqəmlər var”, – deyə Zelenski bildirib.
O, Ukraynanın neçə nəfərinin yaralanması, neçə nəfərinin ölməsinin “vacib olmadığını” vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiya tərəfindən əsir götürülən ukraynalıların sayını bilir.
“Biz başa düşürük ki, indi bizimlə olmayan nə qədər insan var. Dövlətin müvafiq qərarı var. Biz bu qərara əməl edəcəyik”, – o deyib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti Rusiya ilə müharibədə ölən və yaralanan əsgərlərin dəqiq sayını açıqlamır.
Zaman-zaman xarici xüsusi xidmət orqanlarından və KİV-dən bununla bağlı müəyyən fərziyyələr eşidilir. Lakin bu rəqəmlərin heç biri Ukraynada rəsmən təsdiqini tapmayıb.
Xuraman Etibarlı,
KONKRET.az