Zelenski: Yeni müdafiə nazirinə görə məsuliyyət daşıyıram – VİDEObackend

Zelenski: Yeni müdafiə nazirinə görə məsuliyyət daşıyıram - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenski yeni müdafiə naziri Andrey Taranı təqdim edib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, o, keçmiş hərbçini nazir təyin etməyə qərar verib, çünki hazırda onun orduda böyük hörməti var.

“Mənim üçün ən başlıcası, ordunun Müdafiə Naziri ilə əlaqəsi idi. Biz başa düşürük ki, NATO standartlarına uyğun olaraq bir mülki şəxs Müdafiə Naziri olmalıdır, amma müharibə gedir və mənim üçün ordunun Müdafiə Nazirinə hörmət etməsi çox vacibdir. Baş qərargah rəisi ilə çox məsləhətləşmələrim oldu. Demək istəyirəm ki, yeni müdafiə nazirinə görə həm mən, həm də Baş Qərargah rəisi məsuliyyət daşıyır”.

Prezidentin fikrincə, müdafiə naziri üçün əsas prioritet Ukraynanın müdafiə qabiliyyətini təmin etməkdir.

“Silahlı Qüvvələrimizi gücləndirmək üçün Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrimizin başçısının bütün vacib sahələrdə əlaqəli işinə ehtiyacımız var” deyib.

Zelenski vurğulayıb ki, hər hansı bir ordunun əsası insanlardır, buna görə müdafiə nazirliyinin bütün strategiyaları insanlara yönəldilməlidir.

“Söhbət əsgərlərimizin müasir və effektiv silahlarla layiqli şəkildə təmin olunması, təlim səviyyəsinin artırılması, geyim formasında olan insanların sosial müdafiəsinin gücləndirilməsindən gedir” deyib prezident.

Müdafiə Nazirliyinin yeni rəhbəri Silahlı Qüvvələrin yüksək müdafiə qabiliyyətini təmin etməyi əsas prioritet adlandırıb:

“Təcavüzkara elə cavab verilməlidir ki, əsgərlərimizin gücünü sınamaq istəyindən vaz geçsinlər”.

Taran düşünülmüş inkişaf və silah tədarükü proqramına ehtiyac olduğunu vurğulayıb.

NATO standartlarına keçid məsələsinə gəlincə, qeyd edib ki, əldə edilə bilən əsas məqam – Alyansın Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət bacarığını üzə çıxarmaqdır.

Taran hərbçilərin sosial müdafiə paketinin vacibliyini qeyd edib:

“Mən istərdim ki, Müdafiə Nazirliyi üzünü hərbçilərə çevirsin”.

Hərbi xidməti cəlbedici etmək üçün hərbçilərimiz mənzillə, yaxşı əmək haqqı ilə, pulsuz təhsillə və keyfiyyətli dərmanla təmin edilməlidir.

“Silahlı qüvvələrin texnoloji modernizasiyaya, ən yeni texnologiyalardan istifadə edərək müasir silah sistemlərinə keçidinə ehtiyacı var. Köhnə dəlikləri yamamamaq üçün yaxşı silah hazırlamaq lazımdır” deyib.

Xatırladaq ki, Taran martın 4-də müdafiə naziri təyin edilib. Elə həmin gün Nazirlər Kabinetinin bütün əvvəlki heyəti istefaya göndərilib.

 

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*