Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evin bu il yazın sonlarından Kiyevə ABŞ uzaqmənzilli raketlərindən Rusiyadakı hədəflərə zərbə endirməyə icazə verməməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
KONKRET.az APA-ya istinadən bildirir ki, Volodimir Zelenski Rusiyanın dərinliklərinə endirilən zərbələr zamanı Ukrayna istehsalı olan uzaqmənzilli silahlardan istifadə edildiyini söyləyib.
Volodimir Zelenski deyib ki, ABŞ uzaqmənzilli raketlərindən istifadəyə qadağa qoyulması ilə bağlı mediada yayılan məlumatlar onun üçün də gözlənilməz olub: “Əgər səmimi danışsaq, biz hazırda özümüzün istehsal etdiyimiz uzaqmənzilli silahlardan istifadə edirik. Son vaxtlar ABŞ-la bu məsələləri ümumiyyətlə müzakirə etmirik”.
Ukrayna Prezident həmçinin xatırladıb ki, əvvəllər ABŞ-dan Ukraynanın cavab zərbələri ilə bağlı müxtəlif siqnallar alınıb, lakin bu, çoxdan baş verib və indi gündəmdə deyil: “Bu mövzuya qayıtmırıq. Açığı, bu xəbərlər mənim üçün də yenilikdir”.
Qeyd edək ki, “The Wall Street Journal” Ağ evin Moskvanı sülh danışıqlarına başlamağa inandırmaq üçün bir neçə aydır Ukraynaya ABŞ uzaqmənzilli raketlərindən Rusiyadakı hədəflərə zərbə endirməyə icazə vermədiyi barədə məlumat yayıb.