Yerin dərinliklərindəki hərəkətlər nəticəsində böyük dağıntılara səbəb olan zəlzələdən qorunmaq üçün Azərbaycanda yeni üsuldan istifadə olunacaq.
KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadə deyib.
O bildirib ki, binalara yeni cihazlar yerləşdiriləcək və bununla da onların zəlzələyə dayanıqlılığını yoxlamaq, izləmək mümkün olacaq:
“İzlənmə cihazları strateji əhəmiyyətli yüksək bina və qurğulara qoyulacaq”.
A.Qasımzadə qeyd edib ki, AZMİU-nun Seysmik Araşdırma Mərkəzində bununla əlaqəli Monitorinq Mərkəzinin bu ildən qurulması planlaşdırılıb:
“Mərkəzdə binalar cihazlar vasitəsilə fasiləsiz izləniləcək, layihədən kənaraçıxma varsa, bununla bağlı bina sahibinə məlumat veriləcək. Qarşı tərəfin tələbi əsasında mövcud problemləri aradan qaldırmaq üçün layihə veriləcək. Bu da təkanlar qeydə alındıqdan sonra olacaq. Məsələn, zəlzələ zamanı binadan mərkəzə siqnal gələcək. Nəticə etibarilə mərkəzdə yeraltı təkanların meydana gətirəcəyi yerdəyişmə barədə bütün informasiyalar olacaq. Əgər təhlükə varsa, həmin məlumatlar aidiyyəti üzrə təqdim olunacaq”.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə qeyd edib ki, Azərbaycan seymoaktiv bölgədə yerləşir:
“Bu səbəbdən tarixi zəlzələlərin təkrar olumasi ehtimalı qaçılmazdır. Zəlzələnin qısamüddətli proqnozunu əvvəldən demək mümkün deyil. Bu, bütün dünyada belədir”.
O xatırladıb ki, Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi hazırlanıb:
“Bu, baza materialı kimi zəlzələnin neçə maqnitudada olduğunu öyrənməyə imkan verəcək. Bakının da zəlzələ ilə bağlı mikrorayonlaşdırma xəritəsi yaradıla bilər. Hətta Fövqəladə Hallar Nazirliyi də bununla bağlı təklif irəli sürüb. Yəqin yaxın gələcəkdə üçün məsələ həllini tapar”.