Cənubi Qafqazda həllini gözləyən problemlər bitib-tükənmək bilmir. Ermənilərin və onların havadarlarının ssenarisilə yaranan münaqişələr və yarımçıq məsələlər uzun illərdir öz həllini gözləsə də, hələ də mane olan tərəflər var.
Ermənistan 44 günlük müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Birmənalı olaraq Zəngəzur dəhlizinin açılmasından imtina edən Ermənistan Qarabağdakı qanunsuz silahlı birləşmələrini də ərazidən çıxartmır. Eyni zamanda Azərbaycanın anklav əraziləri hələ də işğal altındadır.
Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və anklav ərazilərin geri qaytarılacağını desə də, hələ ciddi addım atılmayıb. Naxçıvanla quru yolun açılmasına da mane olan Ermənistan müxtəlif bəhanələrlə dəhlizin işə düşməsinə əngəl yaradır.
Zəngəzur dəhlizinə mane olan əsas tərəf isə İrandır. Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab edən İran Azərbaycanla Naxçıvan arasında yolun açılmasına qarşıdır və islam respublikası ermənilərdən daha çox Ermənistanın mənafeyi üçün səy göstərir.
Ermənilərlə min illərin qonşusu olduğunu bəyan edən İran liderlərinə xatırlatmaq lazımdır ki, Ermənistan deyilən dövlət Cənubi Qafqazda cəmi 105 il əvvəl Rusiyanın təşəbbüsü ilə yaradılıb. İranla Ermənistanın min illərin qonşusu olmasına gəlincə, bu dövlətlər arasındakı Meğri rayonu 1930-cu ildə Azərbaycandan alınaraq Ermənistana birləşdirilib.
Deməli, Ermənistanla İran arasında sərhəd xəttinin yaşı min yox, cəmi 93 ildir. Ömürləri xurafatla keçən, həyatları yalanlar üzərində qurulan, zərərli, xəstə ideologiyanın daşıyıcıları olan İranın molla rejiminin başında duranlar, çox güman ki, bu tarixi bilməmiş deyillər. Sadəcə Ermənistana hərbi-siyasi dəstək verən müsəlman ölkəsi bununla Azərbaycana qarşı düşmən siyasətini davam etdirir.
Zəngəzur dəhlizinin açılmasına birmənalı mane olan İran, eyni zamanda Ermənistanı silahlandırır. İran həm də Hindistanın ötürdüyü silahları tranzit yolla Ermənistana çatdırır.
Ermənistanın silahlanmasına ciddi önəm verən cənub qonşumuz regionda güclü Azərbaycan görmək istəmir. Otuz ildən çoxdur davam edən bu siyasəti açıq-aşkar davam etdirən İran hakimiyyəti Azərbaycanın maraqlarına zidd olan hər cür addımlar atır və bundan çəkinmir.
Türkiyə əleyhinə də bəyanatlar verən Rəsmi Tehran Azərbaycan-Türkiyə qardaşlığından əməllicə çəkinir və böyük Turan layihəsini özlərinə təhlükə hesab edirlər. Neçə illərdir sanksyalar altında çabalayan İran həm Türkiyə, həm də Azərbaycanla sərbəst gediş-gəliş, azad ticarətdən faydalansa da, imkan düşən kimi düşmənçilik siyasətini davam etdirir.
Türkiyəyə səfərə hazırlaşan İranın dövlət başçısı Ankarada prezident Ərdoğanla görüşəcək. Bundan əvvəl isə hər iki ölkənin xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Türkiyə XİN-in başçısı Hakan Fidan bundan əvvəl Moskvada rusiyalı həmkarı Sergey Lavrovla da görüş keçirib. Bu gün isə Rəcəb Tayyib Ərdoğan Rusiya paytaxtına səfər edib və Putinlə bir sıra vacib məsələləri müzakirə edəcək.
Müzakirə mövzularından biri də Ermənistan və Zəngəzur dəhlizi məsələsidir. Əlbəttə, Ermənistanın iradəsindən kənarda baş verən bu hadisələr regional problemdir və düşmən ölkənin danışıqlarda heç bir rolu yoxdur. Putinlə Ərdoğanın razılığa gələcəyi məsələlər Ankarada Ərdoğanla Rəisi arasında da müzakirə mövzusu olacaq.
Böyük ehtimalla Zəngəzur dəhlizinin açılması öz həllini tapacaq. Artıq İran regionda söz sahibi olmadığını anlayır və sadəcə hadisələrin ləngitməyin mənasız olduğunu başa düşür. Ermənistanla isə məsləhətləşən də yoxdur.
Vəli Həsənov,
KONKRET.az
İran o sərhəddi nəzərdə tutmuşdur “1000 illik” deyərkən. Özünüz çox yaxşı bilirsiniz bu Zəngəzur koridoruna hansı məqsədlə bu qədər təkid olunur. Quru sərhədlərin açılmasını gündəmə gətirsəniz xalqa çox faydalı olar. Birdəki, Naxçıvana gedən koridorun layihəsi mövcuddur Biləsuvar- İran- Naxçıvan bunun baresində məlumat verin başa çatıb? və ya nəvaxt istifadəyə veriləcək?vəya istifadəyə artıq verilibmi?
Bəli konkret olaraq deyilib ki, o sərhəd( Mehri üzərindən gedən yol) 1000illərin yoludu və bizim qırmızı xəttimizdir. Burda məzmun aydındır, yanlış məlumat düzəltməyə heçbir yeri yoxdur.