“Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında ziddiyyət yoxdur” – Bəs dəmiryol xətti niyə açılmır? – İLGİNC DETALLARbackend

"Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında ziddiyyət yoxdur" - Bəs dəmiryol xətti niyə açılmır? - İLGİNC DETALLAR

Cənubi Qafqaz regionunun ən böyük layihələrindən biri olacaq, eləcə də Avrasiyanın əsas nəqliyyat qovşağına çevriləcək Zəngəzur dəhlizinin reallaşması istiqamətində mühüm işlər aparılır. Lakin bu layihənin reallaşmasına İran və Ermənistanın əngəl yaratdığı da heçkimə sirr deyil. Buna baxmayaraq Azərbaycan və Türkiyə liderləri öz çıxışlarında Zəngəzur dəhlizinin mütləq açılacağını və bunun regionun inkişafına böyük töhfə verəcəyini dəfələrlə vurğulayıblar. Hazırda dəhlizin nə zaman açılacağı ən çox müzakirə edilən mövzular sırasında yer almaqdadır.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Zəngəzur dəhlizinin açılması vaxt məsələsidir:

“Məlumdur ki, bəzi məsələlərin həlli təkcə həmin dövlətlərin istəklərindən asılı olmur. Burada söhbət Ermənistandan gedir. Təbii ki, rəsmi İrəvanın istəyib-istəməməsindən asılı olmayaraq Zəngəzur dəhlizi reallaşacaq. Sadəcə olaraq bu yolun necə açılması müzakirə predmetidir. Hazırda aparılan danışıqlardan da görünür ki, dəmir yolu ilə bağlı Azərbaycan və Ermənistan arasında ziddiyyət yoxdur. Ziddiyyət Ermənistan və Rusiya arasındakı texniki məsələlərlə bağlıdır. Yolun Ermənistandan keçən hissəsinə kim tərəfindən nəzərət ediləcəyi məsələsi gündəmdədir. Yəqin ki, Ermənistan və Rusiya bu məsələdə öz maraqlarına cavab verən ortaq variant tapacaqlar”.

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə regional deyil, həm də qlobal mahiyyət daşıyır:

“Bu, təkcə Naxçıvanı Azərbaycanla birləşdirən bir xətt olmayacaq. Dəhliz iki yüz ildən sonra Avrasiyanın mərkəzində yeni kommunikasiya qovşağına çevriləcək. Bu da siyasi-iqtisadi, humanitar və mədəni cəhətdən çox önəm daşıyır. Hazırda bu mövzunun müzakirəsi Rusiya və Ermənistan arasında davam etməkdədir. Əlbəttə ki, region ölkələri arasında baş verən proseslər də dəhlizin açılmasına təsir edir. İlkin mərhələdə dəmiryol xəttinin açılaması ilə bağlı məsələ müzakirə olunur. Biz bilirik ki, Ermənistanın dəmiryol xətti bütövlükdə Rusiyaya aiddir. Eyni zamanda bu xətt hazırda işlək vəziyyətdə deyil. Ona görə də, bu məsələ istər-istəməz zaman alacaq. Amma önəmli olan odur ki, Zəngəzur dəhlizi və sülh müqaviləsi məsələsi ayrıca müzakirə edilir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*