Zəngəzur dəhlizi: Rusiya daha əsəbidir, Çin və Türkiyə gözləmə mövqeyindədir – DETALLARbackend

Zəngəzur dəhlizi: Rusiya daha əsəbidir, Çin və Türkiyə gözləmə mövqeyindədir - DETALLAR

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir ki, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Rusiya Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etmək tələbindən imtina edirdi. Lakin bir neçə gün öncə Rusiya FTX-nin Sərhəd Xidmətinin dəhlizdə “monitorinq apara biləcəyini” elan etdi.

Görəsən, Paşinyan mövqeyini niyə dəyişdi və proses hansı istiqamətdə gedir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə qeyd edib ki, hökumət rəsmilərinin fərqli fikirlər bildirməsinə dəfələrlə şahid olmuşuq:

“Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilərin eyni məsələlərə dair fərqli fikirlər bildirməsinin dəfələrlə şahidi olmuşuq. O cümlədən, Zəngəzur dəhlizi ilə bağlı da tez-tez bir-birinə zidd münasibətlər bildirirlər. 2020-ci ilin 10 noyabrında imzalanmış Bəyanatının 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdiriəcək yoldan və onun təhlükəsizliyinin təmin olunması formasından bəhs edilir. Paşinyan həmin bəyanatı imzaladıqdan sonra ilk əvvəllər elə bir məsələnin olunmadığını bildirirdi. Zaman keçdikcə dəhlizin açılmayacağını bəyan edib, sonrakı müddətdə bunun baş tutacağını və orda təhlükəsizliyi hansısa xarici özəl şirkətin təmin edəcəyini, indi isə həmin yolun Rusiya FTX-nin Sərhəd Xidmətinin monitoriq apara biləcəyini deyir. Bir neçə gün bundan əvvəl Rusiyada MDB ölkələri rəhbərlərinin görüşü keçirildi. Paşinyan da həmin təmasdan sonra məlum fikri bildirdi. Görünür, Putinlə görüşdə Zəngəzur dəhlizi ilə bağlı müzakirə olunub və ilkin olaraq belə bir qərara gəliblər. Paşinyanın fikirləri görüşdüyü şəxslərin və yerin təsiri ilə də dəyişə bilir. Eyni zamanda, Putinlə görüşdən sonra bəlli oldu ki, Rusiya qoşunları Ermənistan – İran sərhəddindən də çəkiləcək. Ola bilsin ki, Moskva tərəfi bu çəkilmənin qarşılığında dəhizin təhlükəsizliyini Rusiya tərəfindən təmin olunması məsələsini qoyub”.

Ekspert vurğulayıb ki, Ermənistanla müzakirələr üç istiqamətdə aparılır:

“Bunlar Sülh müqaviləsinin hazırlanması, sərhədlərin müəyyən edilməsi üçün delimitasiya və demorkasiya prosesi, həmçinin nəqliyyat – kommunikasiya xətlərinin açılmasıdır. Ölkəmiz nəqliyyat – kommunikasiya, əsasən də Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq və regional güclərin mübarizəsinə görə, həmin məsələnin müzakirəsindən haqlı olaraq, müvəqqəti çəkildi. Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması önəmlidir. Burada siyasi, iqtisadi, tarixi və mədəni aspektlər var. Siyasi aspekt odur ki, biz Ermənistanla müharibədən əvvəlki tarixi vəziyyətə qayıtmaq istəyirik. Yəni hər iki ölkə arasında siyasi əlaqələrin işlədiyi – sülh vəziyyətinə. Bununla Ermənistanı regionda münaqişənin qalmasında maraqlı olan qüvvələrin təsirindən qurtarmaq niyyətindəyik. İqtisadi aspektdə məqsədimiz  regionun coğrafi mövqeyindən maksimum şəkildə, bərabər hüquqlu formada istifadə edərək, Şərq – Qərb, Şimal – Cənub dəhlizini formalaşdırmaqla maddi gəlir əldə etməkdir. Dünyada beynəlxalq mübarizənin enerji mənbələrinin ələ keçirilməsi və ticarət yollarına nəzarətin edilməsi uğrunda getdiyini nəzərə alsaq, bu çox vacib yoldur. Dəhlizi keçəcəyi yol bizim tarixi torpaqlarımızdır. Oradan istifadə, qovulan soydaşlarımızın həmin ərazilərə qayıtması bizi o torpaqlara daha da yaxınlaşıdıracaq”.

Müsahibim qeyd edib ki, Zəngəzur dəhlizinə mövcud reallıqlar fonunda bizim nəzarət edəcəyimiz mümkün görünmür:

“Azərbaycan dəhlizin dəmir yolu, nəqliyyat və gələcəkdə enerji daşıyıcılarının keçə bilməsi və həmçinin, ölkə vətəndaşlarının və yüklərinin gömrük nəzarətinə məruz qalmadan daşınması şərti ilə açılmasını tələb edir. Digər məsələ dəhlizin təhlükəsizliyinin təminidir. Əlbəttə, könül istərdi ki, təhlükəsizlidən biz və ya qardaş Türkiyə məsuliyyət danışsın. Amma mövcud reallıqda mümkün görünmür. Aydın məsələdir ki, Ermənistana inana və güvənə bilmərik. Qərb regionda münaqişənin bitməsində maraqlı deyil. Həm də Zəngəzur dəhlizinə özünü iki böyük rəqibi Çinin və Rusiyanın çıxışı, iqtisadi imkanlarının artırılması cəhdi kimi görür. Avropa bu yola nəzarəti ələ keçirməklə dəhlizdən istifadə edəcək ölkələrə təsir etməyi planlaşdırır. Qərb etiraz etsə də, Rusiyanın dəhlizə nəzarəti isə daha real görünür. Azərbaycanın güclənməsi, Türkiyə ilə münasibətlərimizin strateji tərəşdaşlıq səviyyəsinə çatdırılması, regionda baş verənlər, Ukrayna müharibəsində Rusiyanın sanksiyalara məruz qalması ilə rəsmi Moskvanın bizə ehtiyacı artıb və bunların konteksində münasibətlərimiz yaxşıdır. Ona görə Rusiyanın Zəngəzur dəhlizində təhlükəsizliyin təmin etməsi digər alternativlərə nisbətən, qismən bizin maraqlara uyğundur. Hərçənd ki, biz Rusiyanı yaxşı tanıyırıq, 2020-ci ilin 10 noyabrından sonra regiona “sülhməramlı” adi ilə gələn qüvvələrinin nələrlə məşğul olduğunu da çox gözəl bilirik. Amma indiki vəziyyətdə Rusiya bizimlə münasibətlərinin normal məcrada qalmasında maraqlıdır. Çünki Qərb – Rusiya münaqişəsinin daha bir neçə il davam edəcəyini təxmin edilir. Həmçinin Rusiyanın ölkəmizə olan təsirlərini Türkiyə vasitəsilə zərəsizləşdirmək və ya balanslaşdırmaq imkanlarına malikik”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*