İran Ticarət Palatasının Nəqliyyat, Tranzit və Logistika Komissiyasının rəhbəri Rza Rüstəmi bildirib ki, Zəngəzur dəhlizinin açılması İranın tranzit mövqeyini zəiflədə və Avropa ilə quru bağlantılarını çətinləşdirə bilər.
KONKRET.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən xəbər verib.
R.Rüstəminin fikrincə, Zəngəzur dəhlizinin (Tramp yolu) yaradılması bölgədəki tranzit balansını dəyişəcək.
O qeyd edib ki, bu vəziyyət İranın yükdaşıma şirkətlərini Türkiyənin marşrutundan istifadə etməyə məcbur edəcək ki, bu da nəqliyyat xərclərini artıracaq və rəqabət qabiliyyətini azaldacaq.
Onun sözlərinə görə, yükdaşıma tariflərinin artması məhsulların maya dəyərinə 12-15% təsir edir və bu da Tehran üçün əlavə iqtisadi basqılar yaradır.
Komissiyanın rəhbəri iddia edib ki, dəhlizin aktivləşməsi yalnız İran deyil, həm də Rusiya, Türkiyə və Çin kimi bölgə ölkələrinin nəqliyyat marşrutlarını dəyişdirə və yeni iqtisadi çəkişmələrə səbəb ola bilər.