“Bilirsinizmi ki, 20 Yanvar hadisələrinin lentə alınmasında Zeynəb Xanlarovanın rolu olub? Bəlkə də bu fakt heç yerdə yazılmayıb. Onu mənə mərhum operator Seyidağa Mövsümlü danışmışdı”.
KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və yazar Azər Qismət özünün facebook səhifəsində yazıb.
O, daha sonra bunları qeyd edib: “Sovet qoşunları tərəfindən AzTV-nin enerji bloku partladılandan sonra idarədən kimsənin çəkilişə çıxmaması üçün ciddi nəzarət işi həyata keçirilib. Azərbaycan sakinləri informasiyasız qalmışdı. Yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilənlərin sayı barədə müxtəlif rəqəmlər səslənirdi. Qanlı Yanvar lentə alınmalı idi. Lakin Qorbaçov göstəriş vermişdi ki, qətliam gizlədilməlidir. Seyidağa Mövsümlünün yadına düşüb ki, Zeynəb Xanlarovanın kamerası var. Ona zəng edib. Zeynəb Xanlarova ona yaşadığı binanın yanına gəlməsini tapşırıb. Seyidağa müəllim binaya yaxınlaşanda müğənni mələfəni kameraya bağlayaraq aşağı sallayıb. Operator o kamera vasitəsilə 20 Yanvar günü Bakıdakı faciə mənzərələrini lentə alıb”.
Xatırladaq ki, Azər Qismət 1990-cı il 20 yanvar hadisələrini xatırlatmaqla həm də Zeynəb Xanlarovanın 28 dekabr doğum gününə eyham vurub.
KONKRET.az