“Zina 8-dən 4-ə qədər intim həyatımızın bir parçası olurdu” – Sovet casusunun xanımının xatirəsibackend

“Zina 8-dən 4-ə qədər intim həyatımızın bir parçası olurdu” – Sovet casusunun xanımının xatirəsi

SSRI-nin Qərbdə ən ciddi və uğurlu casuslarından biri və birincisi olan Kim Filbi ifşa olunmaq təhlükəsi qarşısında qalarkən qaçıb sovet ölkəsinə sığındıqdan bir müddət sonra onun üçüncü arvadı Eleonora Bryuer (Filbi) ərinin dalınca Moskvaya gəlib. Onlar bir müddət birgə yaşayıblar. Daha sonra xanım Bryuer Kim Filbinin haqqında “Mənim sevdiyim casus” adlı kitab yazıb. KONKRET.az həmin kitabın maraqlı hissələrini oxuculara təqdim edir.

əvvəli burada: (https://konkret.az/staline-frankoya-ve-hitlere-isleyen-ingilis-casus-kim-idi-filbi)

Kim şəhərin mərkəzindəki metrodan on beş dəqiqəlik məsafədə yerləşən böyük boz binada başqa ad altında yaşayırdı. Mən ona vəd etmişəm ki, heç vaxt onun ünvanını və şərti adını açmayacağam. Bu bina arxadan Lubyankaya oxşayırdı. Ancaq ön tərəfdən, isti günlərdə ahılların oturub şahmat oynadığı, qarıların isə öz nəvələrini diqqətlə izlədikləri kiçik yaşıl xiyaban sayəsində mənzərə daha gözəl idi.

Sovet standartlarına görə, Kimin dörd otaqdan ibarət böyük və gözəl mənzili vardı, ancaq yataq otağında qoşa çarpayı yox idi: ruslar belə şeylərə inanmırlar. Sonralar mən məxsusən araşdırdım: satışda bu cür çarpayılar yox idi.

O zaman mən Moskvada mənzil döşəməyin nə qədər çətin olduğunu təsəvvür etmirdim. Kimin nələrə tablaşdığını bilmədiyim üçün, ola bilər ki, ilk günlərdə öz iradlarımla onu möhkəm incitmişdim. Məsələn, deyirdim ki, Kimin qonaq otağının güncünə qoyduğu mavi divanı atmaq yaxşı olardı. Yalnız sonradan məlum oldu ki, bu, nadir tapıntıdır və Kim bununla çox fəxr edirdi.

Kim deyirdi ki, onun rus dostları israr edirlər ki, bizim televizorumuz olmalıdır – o zamanlar televizordan ötrü böyük növbələr olurdu.

Kim bilirdi ki, mən quşları çox sevirəm və artıq mənim üçün gözəl əl işi olan qəfəslərdə bülbül və bir cüt tutuquşu alıb hazır qoymuşdu.

Mətbəx müasir idi və yaxşı təchiz olunmuşdu. Paltaryuyan maşın Çexoslovakiyada, tozsoran Rumıniyada, döşəmə parladan maşın Yuqoslaviyada istehsal olunmuşdu, rus malı yalnız soyuducu idi.

Evimizi döşəmək üçün Kimə bir neçə ay vaxt və bir neçə min rubl lazım olmuşdu. Sergey onu şəhərdə gəzdirmiş, onlarla mənzil göstərmiş, axırda o, Stalin dövrünə aid bu köhnə evimizdə qərar tutmuşdu. Bu ev ona, bütün yan-yörədə göbələk kimi artan eyni cür blok qutularına oxşayan yöndəmsiz evlərdən daha etibarlı və hörmətli görünmüşdü. Mənim musiqiçi keçmişimi bildikləri üçün bizim dostlar Kimə böyük royal təklif etmişdilər, ancaq Kim yer çatışmazlığına görə ondan imtina etmişdi.

İlk gecə mən Kimlə birlikdə otaqları gəzərkən, o, uşaq həyacanıyla mənə hər əşyanı göstərəndə, diqqətim hər otağın divarına söykədilmiş kitab qalağına sataşdı. Burada Qay Bercesdən Kimə qalmış dörd min cilddən artıq kitab vardı. Kim hələ kitab rəfi almağa macal tapmamışdı və bizim ilk işimiz bacardıqca böyük rəf tapmaq idi. Gözlənilmədən şüşəli kitab rəfləri bir çox mağazalarda peyda oldu. Biz onları bütün otaqlarda yerləşdirdik.

Moskvada öz dar çarpayımda yuxudan oyandığım ilk səhər dərhal hiss etdim ki, mənzildə kimsə üçüncü bir adam var. Mən ağır, hökmlü addım səsləri və qonaq otağında stul cırıltısı eşitdim. O kim idisə, bizim yatmış və ya oyaq olmağımız onu maraqlandırmırdı. “Orda gəzən kimdir?”, – mən Kimə pıçıldadım. “Bu, Zinadır, bizim sahibədir”, – Kim cavab verdi. Zina mənim Rusiyadakı ilk tilişkəm (dəri altına girən taxta qırıntısı) olacaqdı.

O, kobud, 30 yaşlarında, balaca, saçı rənglənmiş qadın idi. Zina səhər saat səkkizdən gündüz saat dördə qədər bizim intim həyatımızın bir hissəsi oldu. O, artıq bir neçə həftəydi Kimə baxırdı və təsərrüfatı öz bildiyi kimi aparırdı.

Onun məni görən gözü yox idi. Qadın lap əvvəlcədən bildirdi ki, gündəlik cədvəlində heç bir dəyişiklik edilməsini istəmir. Sahibə o idi. Bir dəfə mən döşəməni parlatmaq və xalıları təmizlətmək istədim, o, bunu etməkdən imtina etdi və bir-iki saat bizim qonaq otağımızda oturaraq, heç nə etmədən siqaretlərimizi sümürdü.

Mən rusca bir kəlmə də bilmirdim və Kim də bu mərhələdə öz xırda və zərif xəttilə istədiyini yaza bilsə də, rusca o qədər də yaxşı danışmağı bacarmırdı. Ancaq dil baryerindən başqa, biz sadəcə bir-birimizə yovuşmurduq. Zinanın bizimlə birlikdə nahar etməsi lap əvvəlcədən məni qıcıqlandırırdı. Onun masa arxasında olmasına dözə bilmirdim. Axı nə üçün bu rənglənmiş baş Kimlə mənim aramda oturmalıydı?

“O, hər gün bizimlə nahar etməlidir?”– mən soruşdum. Kimin susqun məzəmmətindən anladım ki, onun hər yoldaşa gülərüz dözümlülüyünü qeyri-ixtiyari zədələmişəm.

Bir dəfə özümə “Qanlı Meri” kokteyli hazırlamaq istəyərək, Zinanı iki şüşə tomat şirəsi almağa göndərdim. O, bir düjün şüşə ilə qayıtdı. “Nə üçün?”, – mənim acıqlı jestimin tərcüməyə ehtiyacı yox idi. O zaman hələ bilmirdim ki, əgər bazarda tomat şirəsi kimi, hansısa aztapılan əmtəə peyda olubsa, ondan bacardıqca çox almaq lazımdır, çünki ola bilər, bir neçə ay olmayacaq.

Mənim gəlişimdən sonra rusların etdiyi ilk iş bizi DTK-nın xüsusi poliklinikasında tam tibbi müayinədən keçməyə inandırmaq oldu. Hətta xatırlaya bilmirəm ki, məni nə vaxtsa bu cür diqqətlə yoxlamışdılar. Onlar bizi bütün gün ərzində poliklinikada saxladılar, rentgen çəkilişi etdilər, kardioqramma çıxardılar, hərtərəfli yoxlamalardan keçirdilər. Bir neçə gündən sonra Sergey öz verdiktini elan etdi. Mən sağlam idim, Kimə isə orqanizmin möhkəmlənməsi üçün iynə kursu lazım idi. Bundan ötrü bizə tibb bacısı təhkim olundu. O, hər səhər bizə gəlməli idi. Bundan başqa, bizə bir aylığa ən yaxşı sanatoriyalardan birinə getmək təklif olundu. Biz düşünəcəyimizi dedik. Hər ikimiz normal həyat üçün darıxmışdıq və tezliklə ona dönmək istəyirdik.

İlk baxışdan Kim öz yeni rus libasında çox nikbin görünürdü, ancaq o, özünü o qədər də yaxşı hiss etmirdi və açıq-aşkar formada deyildi. Son aylar Beyrutdakı dözülməz gərginlikdən sonra o, hələ daha bır sınağa məruz qalmış, gizli şəkildə Rusiyaya qaçmışdı. Onun mənə danışdığı qısa söhbətlərdən anladığım qədər, Kim yolun böyük hissəsini, ən azı qaçışının başlanğıcında, piyada qət etmişdi. O, 1963-cü ilin yanvarında Beyrutda yoxa çıxsa da, Moskavaya bir neçə aydan sonra gəlib çıxmışdı. Hər halda, o, mənə belə danışdı. Kim heç vaxt mənə itirilmiş ayları necə keçirdiyini demədi.

Moskvaya gəlib çıxanda Kimi pəncərəsi çaya baxan kiçik bir mənzildə yerləşdiriblər. Ona bir qoca və şişman sahibə baxıb. Kimin dediyinə görə, qadının əsas məqsədi bacardıca onun ağzına çox yemək tıxamaq olub. O, həmişə Kimi danlayırmış ki, az yeyir. Qadının hazırladığı yemək isə dörd nəfərə çatarmış. Kim vaxtının çoxunu kəşfiyyatçı rus dostları ilə keçirir, boş vaxtlarında isə şəhərdə piyada gəzir, hər yeni şəhərdə olduğu zaman etdiyi kimi, Moskvanı öyrənir, təhqiq edirmiş. Bir zamanlar mən onunla zarafat edirdim ki, casus romanlarındakı hər tərəfi gəzən və hər şeyi yadda saxlayan gizli agentlərə oxşayır.

Mənə aydın olmayan səbəblərdən ruslar bizi çox ciddi nəzarət altında saxlayırdılar. Həmin ilin avqustunda, mənim gəlişimdən altı həftə əvvəl Moskvadakı xəstəxanada, hələ gəncliklərindən Kimlə birlikdə Rusyaya gizli sevgi bəsləyən Qay Berces ölmüşdü. Donald Maklin dəfndə iştirak etmiş, qısa nitq söyləmişdi. Nəfəsli orkestr “İnternasional” ifa etmişdi. Kim deyirdi ki, ona dəfnə getməyə icazə verməyiblər, ancaq sonradan öyrəndim ki, o, ölümündən bir az əvvəl Bercesə baş çəkməyə macal tapıb.

Kim bu sərt intizamdan heç vaxt şikayət etmədi, ancaq şübhə edirəm ki, onun hər şeydən çox Berceslə uzun və səmimi söhbətlər etməyə ehtiyacı vardı. Bəlkə də belə söhbətlər Bercesin ömrünü bir az uzadardı.

Öyrəndim ki, Qay axıra qədər rusların ondan tələb etdiyi anonim həyat sürmək zərurətinə müqavimət göstərib. O, hər zaman xarici jurnalistlər üçün əlçatan olub; onu müxtəlif mehmanxanalarda sərxoş olarkən görürmüşlər; şəxsi həyatında kifayət qədər qalmaqallar olurmuş. Hər şeydən çox məni heyrətləndirdi ki, Qay rus dilini öyrənməyə cəhd etməyib, bildiyim qədər artıq ondan ruslara heç bir fayda yox imiş. Yalnız hərdən ingilisdilli təbliğat və təcümə məsələlərində hansısa konsultasiyalarda iştirak edirmiş. Tamamilə aydındır ki, Rusiyadakı həyat onun üçün ölümcül halda darıxdırıcıymış.

Sovet həyatının bürokratik yanı Qay Bercesi bezdiribmiş. O, musiqini, rəssamlığı, kitabları sevirdi, şərab içəndə və söhbət edəndə üzündə güllər açırdı. Qara dəniz kurortları onun xoşuna gəlirmiş. Bir dəfə o, görüşmək üçün yanına gəlmiş anasını da Qara dənizə aparıb. Ölümündən bir il əvvəl o, SSRİ və İngiltərə rəhbərliyinə müraciət edərək, anasını ziyarət etmək üçün icazə verilməsini xahiş edib. Ola bilər, ruslar ondan qurtulmağa şad olardılar, amma ingilislər onu ölkəyə buraxmaqdan imtina ediblər və uzun həftələrdən sonra o, inkişaf edən arteriosklerozdan ölüb. Onun külü hazırda Vest Meondakı (Hempşir) kilsə qəbristanlığında, bir zamanlar Berceslərin yaşadığı kənddədir.

Berces öz qarderobunu və kitablarını Kimə vəsiyyət etmişdi, yerdə qalan əşyaları isə biz Maklinlərlə bölüşdürməliydik.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*