
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Daşkənd Zooparkı “Wildlife Care” şirkətinin etibarlı idarəçiliyinə veriləcək. Bu barədə Özbəkistan hökumətinin qərarında deyilir.
Qərar hazırda zooparkın beynəlxalq standartlara cavab verməməsi səbəbindən qəbul edilib. Son bir neçə ildə onun xidmətinə dövlət büdcəsindən 22,7 milyard som (2.4 milyon dollar) ayrılıb.
Belə bir qərarın verilməsində əsas məqsəd beş il ərzində zooparka 5 milyon dollar sərmayə qoymaq, sahəni modernləşdirmək və yenidən qurmaq, müasir audio və video sistemlərini tətbiq etmək, heyvanların müxtəlifliyini artırmaq, heyvanların reabilitasiya mərkəzi və heyətin inkişafı mərkəzini təşkil etməkdir. Şirkət müqavilənin bütün şərtlərini yerinə yetirərsə, zooparkı daha 30 il idarə edə biləcək.
Hökumət zooparkın inkişafı üçün bir konsepsiya da təsdiqləyib. 2024-cü ilə qədər onun ərazisində planlaşdırılan bütün tikinti işləri başa çatacaq və 2049-cu ilə qədər infrastruktur yenilənəcək, zərurət yarandıqda qurumun ərazisi genişləndiriləcək.
Qeyd edək ki, Daşkənd zooparkı 1924-cü ildə təşkil edilib. 1994-cü ildə burada landşaft tipli əlavə zoopark tikilməyə başlanıb. Yeni Daşkənd Zooparkı 22,7 hektar ərazini əhatə edir. Zooparkda hazırda üç mindən çox heyvan və 600 növ quş var.