Anar Əliyev: “Yeni sistem daha çevik bir idarəetmə institutunun formalaşdırılması istiqamətində atılan uğurlu addımdır”
Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi və xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib. Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilən müvafiq ərazilərdə fəaliyyətlərini Prezidentin xüsusi nümayəndəsi ilə əlaqələndirilən qaydada həyata keçirəcəklər.
“Prezidentin yeni fərmanı bir neçə məqsədə xidmət edən və vaxtında atılan addımdır”.
Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, Xüsusi Nümayəndəlik İnstitutunun yaradılmasında başlıca məqsəd ərazidə daha çevik idarəetmənin və informasiya təminatının təşkili ilə bağlıdır:
“Hər bir rayon üzrə icra hakimiyyəti sistemi mövcuddur. Amma bu sistemdən fərqli olaraq, Prezidentinin xüsusi nümayəndəsi yerli icra hakimiyyətləri tərəfindən aparılan işlərə, dövlət tərəfindən həyata keçirilən islahatlara, ümumiyyətlə yenidənqurma prosesinə birbaşa ölkə başçısının nəzarətini həyata keçirəcək. Bu baxımdan yeni sistem daha çevik bir idarəetmə institutunun formalaşdırılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndirilir”.
Anar Əliyevin sözlərinə görə, son günlər atılan addımlar korrupsiyaya qarşı mübarizənin hökumətin diqqət mərkəzində olduğunu deməyə əsas verir:
“İcra hakimiyyətlərində aparılan bir sıra dəyişikliklər, eyni zamanda xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən həbslər onu göstərir ki, bu sistemdə korrupsiya elementləri hələ də qalmaqdadır. Bu baxımdan Xüsusi Nümayəndəlik institutunun yaradılmasının digər bir məqsədi də, icra hakimiyyətlərinə nəzarət mexanizmini daha çevik həyata keçirməklə bağlı ola bilər”.
Natiq Cəfərli: “Ümid edirəm ki, yaradılan yeni sistemin yerli İcra Hakimiyyətlərinin tamamilə ləğvinə zəmin yaradacaq”
İqtisadçı Natiq Cəfərli isə yaradılan yeni sistemin yerli İcra Hakimiyyətlərinin tamamilə ləğvinə zəmin yaradacağına ümid etdiyini deyib:
“İşlək institutlar quraq, iflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edək, yerli özünüidarə institutu yaradaq. Ölkədə 12 (15 də ola bilər, baxır necə bölgü olacaq) iqtisadi bölgə təsis edək. Prezident isə bu 12 bölgədə öz nümayəndəsini təyin etsin, hökumət Parlamentdən çıxsın, sosial-iqtisadi məsələlərə hökumət baxsın. O zaman effektivlik dərhal müşahidə olunacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az