“0:1 hesabı ilə geridəyik” – Hərbi jurnalist nədən narazıdır?backend

“0:1 hesabı ilə geridəyik" - Hərbi jurnalist nədən narazıdır?

Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma yekunlaşsa da, informasiya cəbhəsində olduqca ciddi “döyüşlər” gedir. Cəmiyyət və media üçün əsas prioritet döyüş meydanında olduğu kimi, bu prosesdə qalib gəlmək olmalıdır. Təəssüf ki, zaman-zaman sözügedən sahə üzrə axsaqlıqlarımız hiss olunur. Müşahidə olunduğu kimi, son dövrlər Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan psixoloji və informasiya müharibəsi intensivləşib.

Görəsən, ölkə mediası və cəmiyyətimiz erməni tərəfinə cavab verməyə nə qədər hazırdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi jurnalist Səxavət Məmməd vəziyyətin ürəkaçan olmadığını bildirib:

“Ermənistan və Azərbaycan arasında gərginlik artdıqca qarşı tərəfin bizə qarşı apardığı informasiya müharibəsi daha da intensiv hal alacaq. Təəssüf ki, ölkə mediasının Ermənistan mətbuatından asılı olduğunu görürük. Baxın, onların politoloqlarının, ekspertlərinin və ya deputatlarının fikirləri bizim mediada tirajlanır. Ortaya atılan fikir mediamızda işıqlandırılır, ekspertlərimiz bu barədə müzakirə və diskusiyalar aparırlar. Daha sonra rəsmilərimiz məlumatı təkzib edir və ya fikir yürüdürlər. Açıq demək olar ki, biz bu məqamda 0:1 hesabı ilə geridəyik”.

Ekspert Ermənistanın informasiya resurslarının Azərbaycan cəmiyyətini hədəf aldığını qeyd edib:

“Ermənistanın silahlandırılması Azərbaycan tərəfindən olduqca çox qabardılır. Hamı bu barədə fikir yürüdür. Bir nəfər də olsun, çıxıb mediada və ya efirdə bizim hansı silahları əldə etməyimiz, Azərbaycanın hərbi gücü ilə bağlı son yeniliklərdən bəhs etmir. Şablon danışmağa ehtiyac yoxdur. Ümumi şəkildə prosesləri izah etməklə nəsə əldə etmək olmaz. Ermənistan tərəfi birbaşa hədəf kimi Azərbaycan cəmiyyətini nişan alır və bizə təsir edəcək məqamları yayırlar. Biz isə əksini etmək əvəzinə yenə də öz insanlarımızı hədəf alırıq. Qarşı tərəfə təsir etmək yerinə, Azərbaycan vətəndaşını qorxu altında saxlayırıq. Bu məqamlara çox ciddi şəkildə nəzarət olunmalıdır”.

S.Məmməd ölkəmizi ağır proseslərin gözlədiyini düşünür:

“Azərbaycanlı jurnalistlər və ekspertlər hər bir sözünə diqqət etməlidirlər ki, daha sonra həmin məqam bizə qarşı istifadə olunmasın. Nəticələri hesablamaq lazımdır. İnformasiya və psixoloji müharibə olduqca ağır prosesdir. Ermənistanda bu sahə üzrə fəaliyyət göstərən şəxslərin hər biri vahid məkandan idarə olunur. Bizi qarşıda olduqca ağır və gərgin proses gözləyir, buna hazır olmalıyıq. Gürcüstan və Ermənistanda proseslər sürətlənir. Hətta ola bilər ki, hərbi toqquşmalar ehtimalı da olsun. Odur ki, mübarizə aparacaq gücdə olmalıyıq. Baxın, Ermənistan tərəfi özünü beynəlxalq seqmentdə elə təqdim edib ki, sanki 30 il işğalçı dövlət onlar olmayıblar. Bunlar düşünməliyik, başa düşən biri üçün bu, çox ağır məsələdir”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*