“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.
KONKRET.az xəbər verir ki, Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.
Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.
Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir. Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb.
İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.
Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.




