10-dan çox ölkədə məcburidir: Azərbaycanda da olacaq?backend

10-dan çox ölkədə məcburidir: Azərbaycanda da olacaq?

Son dövrlər baş verən silahlı münaqişələr dünya təhlükəsizlik gündəmini dəyişib. Bu fonda qadınların hərbi təlimlərə cəlb olunması və orduya inteqrasiyası məsələsi bir çox ölkələrdə aktuallaşıb. Azərbaycanda isə bu məsələ hələlik müzakirə səviyyəsindədir.

Gələcəkdə qadınların hərbi təlimlərə könüllü və ya məcburi şəkildə cəlb olunması mümkün ola bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, qadınlar artıq cəmiyyətin bütün sahələrinə inteqrasiya olunublar:

“Onların hərbi xidmətə cəlb olunmasının müsbət tərəfləri çoxdur. Qadınlar məsuliyyətli, səbrli, diqqətli və səliqəlidirlər. Bundan başqa, onların iştirak etdiyi strukturlarda rüşvət və korrupsiya halları daha az müşahidə edilir. Lakin qadınların döyüş bölmələrində xidməti bəzi çətinliklər yarada bilər. Məsələn, onlar daha kövrəkdirlər, tənbehə qarşı həssasdırlar. Kədərli bir qadın hərbçini intizam qaydalarına uyğun cəzalandırmaq kişi zabitlər üçün çətinlik yarada bilər. Həm də qadınlar qadınlar kişi kollektivində öz geyimlərinin səliqəli olmasına və digər detallara daha çox diqqət yetirirlər”.

Ekspert bir çox ölkələrdə qadınların hərbi xidmətə icbari şəkildə çağırıldığını da xatırladıb:

“Hazırda İsrail, Norveç, Şimali Koreya, Çin, Mərakeş, İsveç və Çad kimi ölkələrdə qadınlar kişilər kimi məcburi şəkildə hərbi xidmətə çağırılır. Bəzilərində isə qadınlar sadəcə qeydiyyatda saxlanılır, ancaq xidmətə aparılmır. Azərbaycan Silahlı Qüvvələrində qadınların xidmət sahəsi məhduddur, əsasən texniki və humanitar sahələri əhatə edir. Mentalitet baxımından, cəmiyyətimiz, xüsusilə də kişilər, orduda qadınların iştirakını qəbul etməkdə çətinlik çəkirlər. Amma onlar rabitə, tərcümə, tibb, sülhməramlı missiyalar və kəşfiyyat kimi sahələrdə xidmət edirlər”.

Ədalət Verdiyevin fikrincə, indiki mərhələdə Azərbaycanda qadınların hərbi təlimlərə məcburi və ya geniş şəkildə cəlb olunmasına ehtiyac yoxdur:

“Silahlı Qüvvələrin komplektləşmə faizi kifayət qədər yüksəkdir. Gənc əhalinin sayı da ordunun tam formalaşdırılmasına imkan verir. Bu səbəbdən qadınların yalnız məhdud sahələrdə – tibb və rabitə kimi bölmələrdə xidmət etməsi kifayət edir”.

Qeyd edək ki, hazırda dünyada qadınlar üçün məcburi hərbi xidmət tətbiq edən ölkələrin sayı təxminən 10-dur. Lakin hərbi xidmətin müddəti, şərtləri və istisnalar fərqlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*