Bakıda bir sıra küçə və prospektlərdə avtobusların rahat hərəkətini təmin etmək məqsədilə avtobus zolaqları çəkilib. Zolaqlar avtobusların hərəkətini asanlaşdırsa da, taksi fəaliyyəti ilə məşğul olanların işində bəzi problemlər yaradır.
Taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtobus zolaqlarına daxil olduqları zaman cərimələndiklərinə görə, sərnişinləri yolun ortasında mindirib, düşürdürlər.
Bu problemin qarşısını almaq, taksi fəaliyyətinin işini asanlaşdırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hər hansı tədbir görməyi düşünürmü?
Mövzu ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi müzakirə olunmur:
“Avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsi hazırlanıb və yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir”.
O qeyd edib ki, hazırda paytaxtın 25 küçə və prospektində uzunluğu 75 km-dən çox olan xüsusi hərəkət zolaqları təşkil edilib:
“Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır.
Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir”.
Aygün Mİrakif,
KONKRET.az