backend

11 yanvarda Vladimir Putin Nikol Paşinyana dedi ki... - ƏTRAFLI

Bu gün ictimai fikri məşğul edən iki məsələ varsa, onun da birincisi Dağlıq Qarabağ və onun ətrafında baş verən proseslərdir. Bu da təbii haldır. Hamı doğma Qarabağımız üçün narahatlıq keçirir. Başlanmış uğurlu prosesin daha tez və müvəffəqiyyətlə yekunlaşmasını istəyir. Ona görə də cəmiyyətdən gələn sosial sifarişi qarşılamaq üçün əksər mətbu orqanları baş verən proseslərə daha aydın işıq salmaq üçün müxtəlif mənbələrə üz tutur, müxtəlif sahənin adamlarının fikirlərini oxucularla bölüşür. Amma çox təəssüf ki, bu zaman həmkarlarım heç də hər zaman doğru ünvana üz tutmur. Çox zaman şəxsi münasibətdə olduqları “ekspert”lərə üz tuturlar. Həmin ekspertlər isə məsələni öz bildikləri kimi şərh edirlər. Səhv, ya düz…

Bəzənsə oxucu toplamaq üçün nəşrlər “yeni fikirlər” səsləndirirlər. Bu da cəmiyyətdə yersiz narahatlıq və haqlı narazılıq yaradır. Məsələn, son 20 gündə Ermənistan Müdafiə Nazirliyi Baş Qərargah rəisi Onik Qasparyan faktorunu ortaya ataraq müxtəlif əsassız fərziyyələr irəli sürürdülər. Yazırdılar ki, ay hərbi çevriliş olacaq, gah deyirdilər ki, Rusiya Qasparyanın əli ilə Nikol Paşinyanın devirəcək, filan və s. Amma sonu nə oldu? Dünən Ermənistan prezidenti Armen Sarkisyan Baş nazirini ikinci dəfə göndərdiyi təqdimatı imzalamaq məcburiyyətində qaldı. Və bununla da Onik Qasparyan aylığı bitdi. Yəqin ki, yaxın vaxtlarda Onik həbsə atılacaq. Çünki İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə məsul olan 3 nəfərdən biri məhz odur.

  • Biz KONKRET.az olaraq bunu hələ xeyli əvvəl yazmışdıq. Amma bəzi həmkarlarımız bilmyərəkdən Qasparyan faktorunu xeyli qabartdılar. Özü də yersiz yerə. Başqa bir fakt deyim.”Teleqraf.com” bir neçə gün öncə Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyevdən müsahibə alıb. Müsahibədə bəzi regional məsələlərə toxunulub. O cümlədən, Ermənistanda baş verən proseslərə. Cənab Xudiyev müsahibəsində deyir: “Hazırda Ermənistanın dəyişməyə çalışdığı və yeni Qərbyönlü siyasi platformanın mövqeyini möhkəmlətməyə cəhd etdiyi müşahidə edilir(!). Bunun Rusiyanın maraqlarına uyğun olduğunu düşünmürük. Moskvanın Qərbyönümlü siyasi vektorun formalaşmasına imkan verməyəcəyini proqnozlaşdırmaq olar. Hesab edirəm ki, hazırkı dönəmdə bütövlükdə erməni dövlətçiliyi üçün ciddi təhlükələr və risklər meydana çıxıb və bunun da başlıca günahkarı erməni siyasətçiləri və ideoloqlarıdır. Onlar əsrlərdir anti-humanist, anti-demokratik və əməkdaşlığa uyğun olmayan mövqe tuturlar. İndi acı bəhrəsini görürlər. Belə görüntü var ki, Nikol Paşinyan dirəniş göstərib, uduzmasa(!), o zaman Ermənistanda yaxın zamanlarda Qərbyönümlü siyasi proseslerin şahidi ola bilərik(!)”.

Uzun illər diplomatik təsisatlarda çalışan və hazırda beynəlxalq ekspert kimi fəaliyyət göstərən bir adamın bu cür bəsit fikirləri məni çox təəccübləndirdi. Ona görə ki, dünyada demokratiya deyilən bir şey yoxdur. Tarix boyu heç bir ölkədə xalq dövləti idarə eləməyib. Xalq sadəcə kimlərinsə hakimiyyətə sahib çıxması üçün bir vasitə olub. Hətta dünyada demokratiyanın beşiyi sayılan ABŞ-da belə prezident xalqın istəyi ilə seçilmir. Məşhur aforizmdə deyildiyi kimi, “ABŞ-da prezident çay kənarında seçilir”. Bu qədim aforizmin açması da budur ki, ABŞ-ı idarə edən boslar əyləncələrin indikindən fərqli az olduğu üçün həftə sonu çay kənarına balıq tutmağa yığışırlarmış. Və ordakı söhbətlər və razılaşmalar əsasında da növbəti prezident müəyyən edilirmiş. Qalanı yalnız təfərrüatdır.

İndi bizim eloğlu da elə danışır ki, guya Ermənistan demokratiyanın yeni beşiyidir. Və bu ölkədə baş verən proseslər xalqın istəyinə əsaslanır və xalqın çıxarlarına uyğun qərarlar verilir. Əsla, Ermənistanı 113 il bundan qabaq dövlət edən ruslar olub. Və tarix boyu da ermənilərin ipləri rusların əlində olub. Və bu gün də elədir. Bu gün Ermənistanın siyasi gündəmi deyil, həm də sosial-iqtisadi həyatının bütün xırdalıqları belə Kremldə yazılır.

Təbii ki, 2018-ci ilin mayında Ermənistanda baş verən proseslərdə müəyyən istisnalar oldu. O da Moskvanın öz istəyi ilə. Bəlli olduğu kimi Paşinyana qədər olan ölkə başçıları birbaşa Moskvanın tulaları olub. Belə bir ifadə var: “İt quduranda yiyəsinə hürər”. Serj Sarkisyan və erməni siyasi dairələrindəki bəzi marianetkalar var-dövlətdən o qədər harınlamışdılar ki, hətta kimin kölgəsində yatdıqlarını belə unutmuşdular. Bu isə Moskvadakıların “çestinə” dəydi. Və müvəqqəti olaraq Kremli əlini Sarkisyanın üzərindən çəkdi. Bunu görən Qərb həmən hərəkətə keçdi.

Siyasi cəhətdən səbatsız, amma bir qədər vətənpərvər və sicili təmiz olan sıradan bir jurnalisti gətirib otuzdurdu baş nazir postunda. Amma bu zavallı Paşinyan siyasi cəhətdən yetişkin olmadığı üçün hansı bir oyuna girdiyinin fərqinə vara bilmədi. O nəinki Rusiyaya ağız atdı, həm də yatmış şirin (Azərbaycanın) heysiyyatı ilə oynamağa başladı. Və qanmadı ki, ipi özgənin əlində olan it heç kimə ziyan vura bilməz. Ən pis halda zingiltisi ilə kimlərinsə əsəbinə toxuna bilər. Ən nəhayət Nikol əsas məsələni unutdu. Qərb heç bir dövləti sona qədər müdafiə etmir, yanında durmur. Bunu bilmək üçünsə dahi siyasətçi olmaq lazım deyil. Sadəcə bir qədər ayıq müşahidəçi olmaq kifayət edir. Və son 20 ildə istər Yaxın Şərqdə, istərsə də şərqi Avropa ölkələrinin Qərbin etibarsızlığı üzündən hansı günə düşdüyünü görüb, anlamaq məncə heç də çətin deyi. Amma neyləyək ki, Paşinyan bu qədər gerizəkalıdır.

İndi Azər müəllim də durub Ermənistanda baş verən “demokratik proseslərin” perspektivlərindən danışır. Deyir ki, “Nikol Paşinyan dirəniş göstərib, uduzmasa(!), o zaman Ermənistanda yaxın zamanlarda Qərbyönümlü siyasi proseslerin şahidi ola bilərik(!)”. Ay qardaş, Nikol nə karədir dirəniş göstərə. O da artıq Kremlin tulasıdır. 10 noyabr anlaşmasında biz bunun şahidi olduq. Ermənistanın əvəzindən Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç anlaşmaya imza atdı. Və bununla nəinki ermənilərə, həm də Qərbə göstərdi ki, Ermənistan mənim oylağımdır. Və Putinin bu hərəkətinin qarşısında Qərb səlyanlılar demiş “heç mıqq eliyəmmədi”.

İndi Azər Xudiyev deyir ki, demokratiya belə gəldi, Qərb belə getdi, Paşinyan elə etdi. Və bu yerdə bir vacib məsələni xatırladım. 2020-ci ilin ilk günlərində dünyanın aparıcı siyasi institutları dönə-dönə bildirdi ki, COVID-19 dünyanı yenidən bölüşdürmək üçün ortaya atılmış bir layihədir. Pandemiya dövründə ən dayanıqlı dövlətlər yeni dünya düzənində daha çox pay sahibləri olacaqlar. Allaha çox şükür ki, ehtimallar düz çıxdı. Və yeni dünya düzənində qalib və önə çıxan ölkələrindən biri də Azərbaycanımız oldu. Eləcə də türk dünyası. Bir az da Rusiya.

Ona görə də hadisələrin məğzini bilmədən peyğəmbərlik etmək olmaz. Ermənistan hər zaman Rusiyanın bir əyaləti olub, bu gün də elədir. Əgər növbəti dəfə Rusiya əlini Ermənistanın üstündən çəksə, onda, bu dövlət əbədiyyən məhv olacaq. Erməni tarixinə az-çox bələd olan hər kəs çox gözəl bilir ki, ermənilər hər zaman kimlərinsə kölgəsində var olublar.

O ki, qaldı Nikol Paşinyanın siyasi karyerasına, o da yenə Rusiyanın istəyindən asılıdır. Amma bu günkü mənzərə onu göstərir ki, Kreml Paşinyanla işləmək istəyir. 11 yanvarda, Moskvada baş tutan üçtərəfli görüşdə Putin bunu açıq şəkildə ifadə etdi. Nikolu başa saldı ki, “Ağıllı olsan, səninlə işləyəcəm. Get başını aşağı sal, ölkənin iqtisadi problemləri ilə məşğul ol. Dağlıq Qarabağı unudun”. Məhz bu görüşdən sonra Paşinyan heç zaman Dağlıq Qarabağla bağlı gələcəyə hesablanmış hansısa fikir söyləməyib. Əksinə bir zamanlar yeyib-içib rəqs elədiyi Şuşanı qədim Azərbaycan şəhəri olduğunu ilk dəfə dilə gətirdi. Vəssalam…

Bax belə, Azər müəllim! Bu da məndən sizə sadə jurnalist baxışı. Nəticəsini isə yaşıyıb, İnşallah görəcəyik.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*