15 ölkə imtina etdi, yalnız Azərbaycanda varbackend

15 ölkə imtina etdi, yalnız Azərbaycanda var

Keçmiş maliyyə naziri Saleh Məmmədovun Azərbaycanda tətbiq edilən etibarnamə sistemi ilə bağlı fikirləri müzakirə yaradıb. 

Sitat: “Hazırda BMT-yə üzv 193 ölkədən yalnız biri – Azərbaycan gündəlik praktikada avtomobil idarə etmək üçün yazılı etibarnamə tələb edir. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova – bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və hüquqi əməliyyatlarda istifadə olunur”.

Etibarnamə sistemi ləğv edilməlidirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, Azərbaycanda avtomobillərdən istifadə üçün etibarnamənin məcburi olması ilə bağlı müddəa artıq köhnəlib və dəyişdirilməlidir:

 “Bu məsələ uzun illərdir müzakirə olunur, çünki sovet dövründən qalmış köhnə bir yanaşmanın davamıdır. SSRİ dağıldıqdan sonra yaranan 15 respublikanın hamısında bu praktika ləğv edilib, yalnız Azərbaycanda qüvvədə qalıb. Mülki Məcəlləyə görə, istənilən daşınar və daşınmaz əmlak, o cümlədən avtomobillər xüsusi reyestrdə qeydiyyata alınır. Onların istifadə qaydaları da bu qanunla tənzimlənir. Heç bir maddədədə göstərilməyib ki, daşınar əmlakdan başqaları yalnız etibarnamə üzrə istifadə edə bilər. Etibarnamə yalnız sərəncam vermək hallarında — məsələn, avtomobili satmaq və ya qeydiyyatını həyata keçirtmək üçün lazımdır. Lakin yaxın qohum və ya dostunun maşını idarə etməsi üçün etibarnamənin tələb edilməsi əsassızdır və beynəlxalq praktikada mövcud deyil”.

Hüquqşünas qeyd edib ki, 2023-cü ilin iyul ayında Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edib:

 “Qərarda vurğulanıb ki, avtomobildən istifadə üçün etibarnamənin məcburi olması müasir hüquqi prinsiplərə uyğun deyil. Milli Məclisə də bu müddəaya yenidən baxmaq tövsiyə olunub. İki ilə yaxın vaxt keçməsinə rəğmən, məsələ hələ də gündəlikdə müzakirə olunmayıb. Bu səbəbdən, etibarnamə ilə bağlı mövcud sistemin dəyişdirilməsi artıq hüquqi və ictimai zərurətə çevrilib”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda Azərbaycanda avtomobil paylaşma sistemi fəaliyyət göstərir:

“Bu sistem vasitəsilə istənilən şəxs kirayə avtomobili məsafədən, yəni onlayn qaydada icarəyə götürə, bir məntəqədən digərinə sürərək orada təhvil verə bilir. Yəni etibarnamə mexanizminin ləğvi mümkündür və ölkədə bu sistemin işlək modelinə artıq keçid var. Müasir dövrdə fiziki şəxslər üçün etibarnamə tələbinin saxlanması məqsədəuyğun deyil. Bu praktika yalnız hüquqi şəxslər arasında, yəni şirkətlərin öz avtomobillərini əməkdaşlara və ya digər şəxslərə verməsi hallarında tətbiq oluna bilər. Fiziki şəxslər üçün isə sözügedən tələb artıq köhnəlmiş və mənasız hesab edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*