1991-ci ilin 18 Oktyabrda baş vermiş hadisələr – “1991.Keçmişə Pəncərə”backend

1991-ci ilin 18 Oktyabrda baş vermiş hadisələr - "1991.Keçmişə Pəncərə"

1991-ci ilin 18 Oktyabr tarixində baş vermiş hadisələr Faiq Husiyevin “1991.Keçmişə Pəncərə” kitabından:

18 oktyabr. Respublikamızın Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi. Ali Sovetin tribunasından Aktı oxuyub bəyan edən deputat Hacıbaba Əzimov olmuşdu.

Həmin vaxt müstəqilliyimizin lehinə adbaad səsvermə olmuşdu. Ali Sovetin 350 deputatından 260 nəfəri iclasda iştirak etmiş, 258 millət vəkili müstəqilliyimizə səs vermişdi (yetərsay 240 idi).

Konstitusiya Aktında müstəqil Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu bildirilirdi.

Hərçənd ki, köhnə sovet respublikaları sırasında Azərbaycan öz müstəqilliyini elan etməkdə digərlərindən xeyli gecikmişdi.

32 bənddən ibarət olan bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni konstitusiyasının hazırlanması üçün əsas götürülərək üç həftə sonra mətbuatda dərc olunmuşdu.

Haşiyə. Ayaz Mütəllibovun gecə saat 23:00-da televiziya ilə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı münasibətilə xalqı təbrik etməsindən sonra, bu qərarı qısaca şərh edən rəhmətlik atam demişdi: “Axır ki, bunlar da qeyrətə gəldilər!”

Bu tarixi hadisədən 30 il keçdikdən sonra düşünürəm ki, müstəqillik ilk növbədə məsuliyyət deməkdir – dövlətin öz vətəndaşları qarşısında məsuliyyəti!

Vətəndaşların xoşbəxt yaşamaları üçün onların bacarıqlarını, qabiliyyətlərini düzgün məcraya yönəltmək, hüquq və azadlıqlarını tam təmin etmək, öz dövlətlərində layiqli həyat üçün onları istismara məruz qoymamaq sivil iqtidarın müqəddəs borcudur.

Azadlıq və bərabərlik kimi böyük ideyalar pul kisəsinə və hər yolla varlanmaq hərisliyinə qurban verilməməlidir!

Çünki Azərbaycanın Dövlət Müstəqilliyi xalqımızın oyanış hərəkatının və tarixi reallığın nəticəsi olsa da, eyni zamanda Allah-taalanın bizə verdiyi bəlkə də ən böyük nemətdir!!!

Vətən və Dövlət anlayışlarına sonrakı illərdə fərdi müstəvidə yanaşsaq da, Vətənimizi sevir, Dövlətimizlə isə öz haqq-hesablarımızı aparırdıq!

Çünki mahiyyətinə varanda, Dövlət Vətənin istismarı üçün bir vasitəyə çevrilmişdi. Bunu görmək hər bir vətənsevərə, o cümlədən mənə ağır gəlirdi…

* Eyni gündə Prezident Ayaz Mütəllibovun müvafiq fərmanı ilə yerli idarəetmədə İcra Hakimiyyətinin Başçısı vəzifəsi təsdiq edilmişdi. Şəhər və rayonlarda xalq deputatları sovetinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilmişdi.

Bununla da prezident yerli dövlət hakimiyyəti və idarə orqanlarının təşkili və fəaliyyəti qaydasını təkbaşına həyata keçirərək, Xalq Hakimiyyəti Orqanlarının fəaliyyətinə birdəfəlik son qoymuşdu.

Bu idarəçilik metoduna etiraz edən Naxçıvan Ali Soveti yerli idarəetmə sistemindəki “Əsasnamə”ni konstitusiyaya zidd, mürtəce və antidemokratik adlandıraraq Muxtar Respublika ərazisində prezident fərmanının tətbiqinin yolverilməzliyini bildirmişdi. Bu haqda Naxçıvan Ali Sovetinin Sədri Heydər Əliyev 1991-ci ilin 26 oktyabr tarixində sənəd imzalamışdı.

* Eyni zamanda Ayaz Mütəllibov tərəfindən yeni icra hakimiyyəti başçıları təyin edilmişdi:

Sumqayıt şəhəri     – Eldar Vəkil oğlu İsmayılov;

Ağdam rayonu       – Səyyaf Həsi oğlu Verdiyev;

Ağdaş rayonu        – Məlahət Xəlil qızı Xəlilova;

Ağstafa rayonu      – Şamil Müseyib oğlu Allahverdiyev;

Bərdə rayonu         – Yusif Kərim oğlu Allahverdiyev;

Qazax rayonu        – Bəkir Şükür oğlu Əyyubov;

Qobustan rayonu   – Gülabbas Abbas oğlu Qəhrəmanov;

Zərdab rayonu       – Məmməd Bədir oğıu Məmmədov;

İmişli rayonu         – Xanhüseyn Dünyamalı oğlu Bəylərov;

Yardımlı rayonu    – Fazil Abı oğlu Tağıyev;

Kürdəmir rayonu   – Tofiq Məmmədhadı oğlu Kərimov;

Goranboy rayonu   – İrşad Nadir oğlu Əliyev;

Salyan rayonu        – Seyran Ramiz oğlu Seyranov;

Füzuli rayonu         – Aslan Osman oğlu Mehdiyev;

Hacıqabul rayonu  – Əlibala Heybət oğlu Hüseynov;

Cəlilabad rayonu   – Rövşən Novruz oğlu Vəliyev;

Şəmkir rayonu       – Elxan Allahverən oğlu Əliyev.

* Ayaz Mütəllibov Böyük Britaniyanın “BP” neft şirkətinin nümayəndə heyətini qəbul etmişdi. Nümayəndə heyətinə şirkətin beynəlxalq geoloji-kəşfiyyat və hasilat məsələləri üzrə prezidenti doktor Kris Rayt başçılıq etmişdi. “Azəri” yatağının birgə işlənilməsi məsələləri görüşün əsas qayəsini təşkil etmişdi.

* Rusiya Prezidentinin nümayəndəsi Vladimir Podopriqora və Qazaxıstan Prezidentinin nümayəndəsi Yerkin Ayulbekovun rəhbərlik etdikləri müşahidə missiyası DQMV-də görüşlər aparmış, icma rəhbərləri ilə görüşmüşdülər.

* Bakıda səhər saatlarında Fabritsius (indiki Ceyhun bəy Hacıbəyli) küçəsindən Zavoqzalnıy (indiki Təbriz) küçəsinə, Qarabağ mehmanxanasının qarşısına dönüş edən tramvay relsdən çıxaraq aşmışdı. Hadisə nəticəsində bir sərnişin dünyasını dəyişmiş, 44 nəfər isə yaralanmışdı.

* Rusiyanın Kazan şəhərində Nizami Gəncəvinin 850 illik yubileyi qeyd olunmuşdu.

* SSRİ-yə daxil olan 8 respublika öz aralarında İqtisadi Birlik haqqında müqaviləyə imza atmışdı. SSRİ rəhbərliyi ilə bu müqaviləyə Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya rəhbərləri qol çəkmişdilər. Sovet İttifaqının keçmiş subyektləri olsalar da, bu müstəqil dövlətlər birləşmiş bazarın yaranmasını və iqtisadi böhranın aradan qaldırılmasını qarşılarına məqsəd qoymuşdular. Moldova və Ukrayna isə bu müqaviləyə 6 noyabr tarixində qoşulmuşdu.

media-kitab

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*