Azərbaycan Xalq Cümhuriyyəti (AXC), yaxud Azərbaycan Demokratik Respublikası (ADR). Kimin hansı abreviaturdan xoşlandığının önəmi yoxdur. Əsas odur ki, Azərbaycan əsarətdən qurtulmuş, müstəqil olmuşdu. Zaqafqaziya Demokratik Federativ Respiblikasının parçalanması dövlətin yaranmasına şərait yaratdı. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, İcra Komitəsinə isə Fətəli xan Xoyski başçılıq edirdi. Mayın 28-də ilk iclas baş tutdu və İstiqlaliyyət Aktı qəbul edildi.
KONKRET.az xəbər verir ki, noyabrın 9-da üçrəngli bayrağımız qəbul edildi.
Cümhuriyyət haqqında, onun hökuməti, parlamentində təmsil olunanların həyat və fəaliyyəti bir məqaləyə sığmaz. Qısaca onu deyə bilərik ki, o dövrdə belə müasir və demokratik dövlət qurmaq asan deyildi.
– Azərbaycan hökuməti tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması ilə razılaşmalı oldu;
– İrəvan şəhəri paytaxt kimi haylara verildi;
– Lakin Göyçənin bir hissəsi, Basarkeçər, Zəngəzur Azərbaycanın tərkibində qaldı.
İstiqlalı qorumaq da çətin oldu. Bolşeviklər Bakını hələ mart ayında tutmaq istəyirdilər. Lakin beynəlxalq vəziyyəti nəzərə alan xarici işlər komissarı Çiçerin 1920-ci ilin martında Bakının fəthini zəruri sayan Leninə yazmışdı:
“Azərbaycana qarşı zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar. Bizi imperialist hesab etmələrinə yol verməməliyik”.
Beləliklə, xarici müdaxilə daxili üsyan xətti ilə pərdələndi. Milli hökuməti devirmək uğrunda silahlı üsyana hazırlıq başlandı, lakin üsyanın uğurla nəticələnəcəyinə bolşevik liderləri şübhə ilə yanaşırdılar. Stalin yazırdı:
“Bu üsyanın heç bir şansı yoxdur. Buna görə də Azərbaycanın hüdudlarını keçmək lazım gələcək”.
Təfərrüata varmadan qeyd edək ki, Azərbaycan 1920-ci il aprelin 28-də işğal edildi. Müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyəti birbaşa hərbi təcavüz nəticəsində süqut etdi. Bu işğal aktına 70 ildən sonra dövlət səviyyəsində siyasi qiymət verildi: “1920-ci il aprelin 27–28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin” (1991-ci il, 18 oktyabr).
1920-də müstəqil dövləti Azərbaycan SSR-ə çevirdilər. Odlar Yurdu hələ də heykəli Bakıda ucalan cümhuriyyət düşməni Nərimanovların əmrinə verildi. Onun hakimiyyət illərində ermənilər Azərbaycanda at oynadıb, bolşeviklər azərbaycanlıları qırğın və sürgünlərə məruz qoyub.
• 1920-ci ildə Gəncə qiyamı zamanı minlərlə azərbaycanlı qırmızı terrorla üzləşib.
• 1923-də Zəngəzuru Ermənistan SSR-ə birləşdiriblər.
• 1923-də “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılıb.
Nərimanov 1925-də ölüb və məzarı Kremldədir.
Sovet dövründəki müsibətlərimiz Mircəfər Bağırovun dövründə repressiyaya çevrildi. Bəziləri onun günahsız olması iddiasındadırlar. Çünki güllələnmə qərarlarına Yejov, Mikoyan və Stalin qol çəkirmiş. Bəs necə oldu ki, Bağırov 20 il (1933-1953) Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi oldu, 5 dəfə Lenin ordeni aldı, Mikayıl Müşviqlər, Hüseyn Cavidlər onun qiblə kimi səcdə etdiyi Kremlin qurbanına çevrildi?
Ulu Öndər Heydər Əliyevin SSRİ fəaliyyəti azərbaycanlıların təqiblərdən qurtuluşu, inkişaf etməsi, ermənilərə verilməsi nəzərdə tutulan digər torpaqlarımızın da özümüzdə qalmasının ən ali təminatçısı oldu. Heydər Əliyev olmasaydı, mərhum Əbülfəz Elçibəy elə sovet agentləri tərəfindən XX əsrin 60-70-ci illərində öldürülərdi. Qarabağı ermənilərə hədiyyə etmək istəyən Qorbaçov Ulu Öndərin Azərbaycanı sevdiyini gözəl anlayırdı və o səbəbdən ilk işi Heydər Əliyevin tutduğu postdan istefası idi. Yoxsa sovet ordusu Azərbaycana 1990-cı ilin qanlı yanvarını yaşada bilməzdi. Moskvanın bu qaniçənliyini elə Moskvada tənqid edən, qınayan da Heydər Əliyev oldu. Buna başqa heç kimin cəsarəti çatmazdı. Paytaxtda vətəndaş savaşına, Qarabağda işğala məruz qalmış Azərbaycanı ayaqda tutmaq da yalnız onun müdrikliyinin bəhrəsidir.
İllər sonra onun “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” kəlamını Prezident İlham Əliyev reallığa çevirdi. Bəli, indi Azərbaycan var. Amma indi də güclü Azərbaycanı istəməyənlər yetərincədir.
Xəritədə zorla görünən Azərbaycan xəritədə ən böyük olan ölkələri özü ilə hesablaşmağa vadar edir. Qarabağı azad edib Bütöv Azərbaycandan bəhs olunan dövrdə yaşayırıq. İstilaçı İranın qorxulu yuxusu kimiyik. Rusiya bizlə dostluq etməyə məcburdur. Ermənistanın, işğalçının dadına heç Fransa da çatmır. İran prezidenti Xatəmi Xəzər dənizinə Mazandaran gölü deyəndə Heydər Əliyevin onu susdurması az adamın yadındadır.
Prezident İlham Əliyevin Makronla Paşinyanı bacı adlandırması da Azərbaycanın necə inam və cəsarətlə addımlamasından xəbər verir.
Əlqərəz, hazırkı Azərbaycanı xaricdən dağıtmaq mümkün deyil deyə içdən parçalamaq istəyənlər var. Amma xalq-iqtidar birliyi buna da mane olacaq!
KONKRET.az-ın Analitik Qrupu