“Biz bilmirik NƏ EDƏK?” – Nşanyanbackend

"Biz bilmirik NƏ EDƏK?" - Nşanyan

“İki paralel proses gedir ki, onların birində Ermənistan iştirak edir, digərində isə yox”.

KONKRET.az xəbər verir ki, bunu erməni filosof Mark Nşanyan deyib. O, Brüssel görüşünün nəticələrini təhlil edib.

Mark Nşanyanın təhlilini olduğu kimi təqdim edirik:

“Görünür, Nikol Paşinyan və İlham Əliyev Brüsseldə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hansısa şifahi razılıq əldə ediblər. Onlar Arsaxın gələcəyindən başqa hər şeyi razılaşdırıblar. Şarl Mişel yalnız “Qarabağın etnik erməni əhalisinin təhlükəsizliyi və hüquqları məsələsini” vurğuladı, vəssalam. Tərəflərin buna necə reaksiya verdiyi barədə bir kəlmə də yoxdur.

Görünən odur ki, reallıqda iki paralel proses gedir ki, onların birində Ermənistan iştirak edir, digərində isə yox.

Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsidir ki, bu da ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası-demarkasiyası, kommunikasiyaların blokdan çıxarılması, sərhəd administrasiyasının dəqiqləşdirilməsi və s.

İkinci proses Arsaxın gələcəyidir ki, “plankanı aşağı saldıqdan” sonra bu, Arsax ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi kimi formalaşır. Demək olar ki, tamamilə Rusiya-Azərbaycan münasibətləri sferasındadır, yəni, nə Ermənistanın, nə də Avropa İttifaqının buna xüsusi münasibəti yoxdur (sosial-iqtisadi komponentdən başqa).

Nəticədə paradoksal vəziyyət yaranır. İki ayrı proses var (Azərbaycan onları ayıra bilib), birincisində Qərb bizim müttəfiqimiz, Rusiya düşmənimiz, ikincisində isə əksinə: burada bizim düşmənimiz Qərb, Rusiya müttəfiqimizdir.

“Birincidən başlayaq. Qərb çox maraqlıdır ki, bir-birinə düşmənçilik və ərazi iddiası olmadan Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri nəhayət tənzimləsin, sivil münasibətlər qursun.

Çünki bu halda gec-tez Ermənistandan Rusiya hərbi bazaları çıxarılacaq, Rusiyanın regionda təsiri kəskin şəkildə azalacaq və Ermənistan Gürcüstandan nümunə götürərək açıq, sərmayədarlar üçün cəlbedici və əsasən anti-Rusiya ölkəyə çevriləcək.  Məhz bu perspektivi nəzərə alaraq Rusiya Ermənistan-Azərbaycan, xüsusən də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinin əleyhinədir.

Amma Arsax məsələsində hər şey əksinədir. Ermənistan əhalisinin Arsaxda qalması Rusiya üçün faydalıdır, çünki bu, onun sülhməramlılarının mövcudluğunu uzadır və eyni zamanda, Azərbaycana çox ciddi təsir rıçaqıdır. Qərb üçün Arsaxda kimin yaşayacağı önəmli olmasa da, onlar üçün bu, vacibdir: əgər orada ermənilər yaşayırsa, deməli rus qoşunları var, azərbaycanlılar yaşayırsa, orada rus qoşunları yoxdur.

Bizdə hər iki prosesdə uğur qazanacağımız, yəni Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşacağı, Rusiyanın təsirindən çıxıb uzunmüddətli sülhə nail olacağımız və elə həmin Rusiyanın sayəsində Arsaxı ermənininki saxlayacağımıza dair illüziyalar olmamalıdır. Bu mümkün deyil.

Biz ya birini, ya da digərini seçməliyik. Əslində, bu, çox çətin seçimdir, lakin belə bir seçimin zəruriliyinə məhəl qoymayaraq, hər ikisini əldə etməyə çalışsaq, nəticədə biz hər şeydən məhrum olacağıq: nə Arsax erməninin olacaq, nə də statusu qalacaq. “Rusiya forpostu”ndan da xilas olmayacağıq”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*