Azərbaycanda icra başçısı postunda ən çox çalışan məmurlardan biri də Taleh Qaraşovdur.
KONKRET.az metbuataz-a istinadən xəbər verir ki, 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olan 66 yaşlı Qaraşovun icra strukturları ilə tanışlığı ötən əsrin sonlarına təsadüf edir. T.Qaraşov 1982-1983-cü illərdə Kürdəmir rayon partiya komitəsində təlimatçı, 1986-1991-ci illərdə şöbə müdiri, 1991-1996-cı illərdə isə Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
Ulduzu gənc yaşlarında parlayan T.Qaraşov mərhum prezident Heydər Əliyevin Sərəncamı ilə 1996-ci ildə Kürdəmir rayon icra hakimiyyətinin başçısı təyin olunub. 37 yaşında icra başçısı postuna sahib çıxan Qaraşov 6 il Kürdəmirə rəhbərlik edib.
T.Qaraşovun növbəti iş yeri Cəlilabad rayonu olub. O, 2002-2006-cı illərdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutub. T.Qaraşov 4 il sonra qonşu rayona məsul vəzifəyə göndərilib. Onun Neftçala Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr 2006-2011-ci illəri əhatə edir.
Qocaman icra başçısının əmək kitabçasında Astara rayonunun da adı var. Qaraşov 2011-2012-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Taleh Qaraşov hazırda Lənkəran şəhər icra hakimiyyətinin başçısıdır. O, Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
T.Qaraşov üçün növbəti “dayanacağının” hansı rayon olacağını isə zaman göstərəcək. Bioqrafiyasındakı ştrixlər göstərir ki, zaman həmişə onun xeyrinə işləyib…

