31 Mart soyqırımını dünyaya tanıtdırmaq üçün daha nələr edə bilərik? – Alimdən AÇIQLAMAbackend

31 Mart soyqırımını dünyaya tanıtdırmaq üçün daha nələr edə bilərik? - Alimdən AÇIQLAMA

Son yüz ildə Azərbaycan tarixində müxtəlif faciələr yaşanıb. Bu faciələr içərisində “31 Mart soyqırımı” öz miqyasına və dəhşətinə görə digərlərindən seçilir. Lakin təəssüf ki, 104 il keçməsinə baxmayaraq, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırıma beynəlxalq reaksiya çox zəifdir. Ermənilər törətdiyi bu əmələ görə hələ də layiqincə cəzalandırılmayıb.

Bəs görəsən, xalqımıza qarşı törədilən bu soyqırımı beynəlxalq aləmdə tanıtmaq üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tarixçi alim Zaur Əliyev cavablandırıb.

O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soqyırım siyasəti 1905-ci ildən hesablanır. Əslində ermənilərin bizə qarşı soyqırım siyasətinə 1813-cü ildən start verib. 1813-cü ildə Gülüstan sülh müqaviləsi imzalandıqdan sonra ermənilər azərbaycanlıların yaşadığı kəndlərə köçürülməyə başladı. İrandan, Türkiyədən və digər yerlərdən Qarabağa, İrəvana və Qərbi Azərbaycana ermənilər axın etdi. Onlar bu ərazilərə gəldikdən sonra lokal xarakterli döyüşlər başladı. Bu döyüşlərdə tam silahlı ermənilər silahsız azərbaycan kəndlilərinə qarşı hərbi cinayətlər törədirdi. Yəni soyqırım siyasətinin ilkin rüşeymi buradan başladı. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra isə ermənilərin ərazilərimizə daha kütləvi köçü reallaşdı. Onlar artıq azərbaycanlıları kəndlərdən çıxartmaq üçün açıq hücumlara keçdilər. Yerli əhalinin bir qismi bu prosesdə öldürüldü. Vaxtilə Azərbaycanda başlayan qaçaqçılıq hərəkatının bəylərə və xanlara qarşı olduğu deyilirdi. Əslində qaçaqların əsas hədəflərindən biri də ermənilərə qarşı silahlı müqavimət idi. Qaçaq Kərəm, Qaçaq Nəbi kimi qaçaqlarımız ermənilərlə mübarizə aparıb. Lakin Sovet elmi ədəbiyyatı qaçaqçılıq hərəkatının mahiyyətini başqa cür təqdim edib.

Azərbaycanlılara qarşı sonradan da, yəni 1905-6-cı illərdə soyqırımlar davam etdi. Miqyasına görə isə ermənilərin törətdiyi ən böyük soyqırım 1918-ci il “31 Mart soyqırımı”dır. Çünki həmin dövrdə Cənubi Azərbaycandan tutmuş, Şimali Azərbaycana qədər hər yerdə ermənilər azərbaycanlıları öldürürdü. Onlar təkcə azərbaycan türklərini yox, etnik azlıqları da qırırdı. Qeyd edim ki, o dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar da öldürülürdü. Gürcüstan hökuməti bunu gizlətməyə çalışır, arxivləri və faktları ortaya qoymaq istəmir. Lakin müxtəlif yollarla əldə etdiyimiz məlumatlara görə, ermənilər Gürcüstanda da azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib”.

Z.Əliyev bildirib ki, həmin vaxt ermənilərə Rusiya ilə yanaşı İran da silah verirdi:

“Erməniləri silahlandıran və azərbaycanlılara qarşı ən böyük dəstəyi verənlər Nobel qardaşları və İran hökuməti idi. Onlar azərbaycanlıların məhv edilməsini zövqlə izləyirdi. Bu soyqırımın dünyada tanıdılması üçün bu gün Azərbaycanın əlində kifayət qədər arxiv sənədi var. Ümumilli lider Heydər Əliyev bu faciənin soyqırım kimi tanıdılması ilə bağlı fərman verib. Lakin təəssüf ki, bu gün “31 Mart soyqırımı”nın beynəxalq səviyyədə tanınması üçün işlər qanedici səviyyədə deyil. Müəyyən dairələr buna mane olmağa çalışır. “Xocalı soyqırımı” bir kənddə baş verən faciə idi. Lakin 1918-ci il soyqırımı şimallı-cənublu bütün Azərbaycanı əhatə edib və itki sayına görə bəşəriyyətin ən faciəvi hadisələrindən biridir. Biz təbliğat işini ermənilər kimi apara bilsək, beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verəcək. Çünki ermənilər təkcə insanları yox, nadir əlyazmalarımızı, mədəni abidələrimizi məhv etdi. Yəni bu həm də mədəni terror idi. Biz mart faciəsini dünyada tanıtdırmaq istəyiriksə, dünya alimlərini, tarixçilərini, arxeoloqlarını Azərbaycana dəvət edib ciddi tədqiqat işlərinə cəlb etməliyik. Çünki qəbirlərin çoxu hələ də üzə çıxmayıb. Biz bu gün dünyaya yalnız Quba kütləvi məzarlığını təqdim edirik. Halbuki, Bakıda, Salyanda, Neftçalada, Gəncədə, Şamaxıda və digər şəhərlərimizdə belə qəbirlərin sayı-hesabı yoxdur. Soyqırımda ölənlərin sayı 10 mindən çoxdur. Bir alim kimi həmin məzarlıqların aşkarlanması istiqamətində işlərin aparılmasını xahiş edirəm. Çünki belə məzarlıqları üzə çıxarmaq lazımdır ki, biz öz səsimizi dünyaya çatdıra bilək. Ermənilərin vəhşiliklərini yalnız bu halda bütün dünyada tanıtdıra bilərik”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*