Müharibə dövründə və ondan sonra keçən müddətdə bir gerçəklik tam mənasıyla ortaya çıxdı: Qərb, Avropa heç də demokratik və ədalətli deyilmiş, heç də insan haqlarına sayğı ilə yanaşmırmış, heç də söz və düşüncə müxtəlifliyinə, obyektiv media siyasətinə sadiq deyilmiş. 44 günlük müharibədə bu həqiqəti hamımız gördük.
Bəs bu cür maskalanmış, saxtakar Qərblə indən sonra necə davranaq? Ölkə olaraq, Avropa institutları ilə münasibətləri necə quraq, necə davam etdirək? Hökumətin düşüncəsi nədir bu mövzuda?
KONKRET.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının sədri, deputat Elman Nəsirova görə, 44 günlük Vətən müharibəsi, bu müharibədə Azərbaycanın qazandığı tarixi qələbə bir sıra həqiqətləri üzə çıxardı: “Birincisi, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, məlum oldu ki, bizim əsl dostlarımız kimdir, özünü dost kimi təqdim eləyənlər kimdir və kimlər dostlarımız deyil. Bu həqiqət bir daha üzə çıxdı. Bütün dünya bunu gördü. Xüsusilə o üzə çıxdı ki, münaqişənin həlli missiyasının tapşırıldığı ATƏT-in Minsk Qrupu ədalətə söykənmir və uzun illər bu münaqişənin həllinin uzanmasının səbəbkarlardandır. ATƏT adından da göründüyü kimi Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Deməli, Avropanın təhlükəsizliyinə və əməkdaşlığına cavabdeh olan bir qurumun tərkibində olan Minsk Qrupu əsasən Avropa dövlətlərindən təşkil olunub. Biz nəyin şahidi olduq. Birləşmiş Ştatlar və Fransa ikisi birlikdə Qərb dünyasını təmsil edirlər.
Qərb dünyası isə beynəlxalq ictimai fikirdə özünü demokratiyanın bayraqdarı, insan haqlarının müdafiəçisi, ədalətin keşiyində dayanan tərəf kimi təqdim edir. Reallıq isə təəssüf ki, başqa həqiqəti ortaya qoydu. Həqiqət isə ondan ibarətdir ki, əslində bu münaqişənin 30 ildir davam etməsinin səbəbkarı elə bu münaqişəni həll etmək missiyasını üzərinə götürən tərəflər olub. Əgər Fransa bu münaqişəni həll etməyə çalışırdısa, belə bir öhdəlik götürmüşdüsə, təpədən dırnağa qədər işğalçıya dəstək verməməli idi. Həmsədr neytral olmalıdır. Qərbin demokratiya, haqq ədalətlə bağlı söylədikləri bir çox hallarda pafosdur, gözə kül üfürməkdən başqa bir şey deyil. Təəssüf ki, Qərbin demokratiya ilə bağlı bütün dedikləri nağıldan, əfsanədən başqa bir şey deyilmiş”.
Deputat bir sıra başqa reallıqların olğunu da vurğuladı: “Azərbaycan praqmatik dövlətdir, real siyasət həyata keçirən, beynəlxalq hüquqa söykənən dövlətdir. Biz Avropa dövlətləri ilə, Qərblə əlaqələrimizin inkişafında maraqlıyıq. Söhbət ilk növbədə iqtisadi əlaqələrimizin, enerji sahəsində əməkdaşlığın inkişafından gedir. Avropa özü yekcins deyil. Məsələn, Avropa Parlamenti dəfələrlə ermənipərəst mövqedən çıxış edib. Amma eyni şeyi Avropa Komissiyasına aid etmək olmaz. Avropa Komissiyası ilə Azərbaycanın çox yaxşı inkişaf etmiş əlaqələri var. Bizim Avropa İttifaqının 9 dövləti ilə strateji tərəfdaşlıq sənədimiz var. Əsas ticarət partnyorlarımız sırasında Avropa İttifaqı ölkələri öncül mövqedə dayanır. Cənub Qaz Dəhlizini bu kontekstdə xüsusi vurğulamaq istəyirəm ki, bu sahədə Azərbaycanın Avropanın bir sıra ölkələri ilə çox sıx təmasları var.
Ancaq söhbət ondan gedir ki, bu qütbün təmsilçiləri bir çox hallarda öz geosiyasi maraqları naminə insan hüquqlarından, demokratiya məsələsindən bir qlaf kimi istifadə edirlər. Bu pərdə altında öz geosiyasi ambisiyalarını həyata keçirirlər və bu da ədalətsizliyə gətirib çıxarır. Bütün bu səbəblərdən artıq Azərbaycan ictimaiyyətində Qərbin ədalətli olmasına inam qalmayıb”.
AMİP sədri Arzuxan Əlizadə isə dünyada demokratik dəyərlərin tənəzzül dövrünü yaşadığını dedi: “Hazırki dünya düzəninə nəzər salsaq, bunu çox aydın şəkildə görmək olar.
Məsələn, bu gün bütün dünyaya demokratiya dərsi vermək iddiasında olan ABŞ-da prezident seçkiləri keçirildikdən sonra ən çox müzakirə olunan mövzu seçki saxtakarlığı ilə bağlı ittihamlardır. O cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar Avropanın bəzi dövlətlərinin tutduğu ədalətsiz mövqenin müasir dünyanın demokratik dəyərlərinə, eləcə də beynəlxalq hüquq prinsiplərinə uyğun olmadığı, hətta daban-dabana zidd bir proses olduğu bunun bariz nümunəsidir. Hesab edirəm ki, belə davam edərsə, yəni, Avropa siyasi institutları dünyada sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olunmasına dəstək vermədikcə beynəlxalq ictimaiyyətin həmin təşkilatlara inamı da tam olaraq sıradan çıxa bilər. Təhlükəlisi və təəssüf doğuranı da odur ki, bu tendensiya davam etməkdədir. Biz bunu Azərbaycanın haqq davasında daha yaxından hiss etdik və gördük. Özünü Avropada “demokratya beşiyi” adlandıran Fransa, onun Senatı qrup maraqlarından çıxış edərək və vaxtilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq imzaladığı beynəlxalq sənədləri təkzib etməklə öz dövlətini gülünc vəziyyətə qoymuş oldu. Əslində Fransa Senatı məşhur deyimdə olduğu kimi “Roma papasından daha artıq katolik olmaq” istəyi ilə, yəni ermənidən çox ermənilik edərək beynəlxalq hüquqa ciddi zərbə vurdu”.
A.Əlizadə hesab edir ki, belə anormal vəziyyət davam etdikcə Azərbaycan dövləti olaraq, bizə qarşı hər hansı bir dövlət tərəfindən aparılan istənilən siyasi, və diplomatik addımlara qarşı adekvat siyasət qurmalıyıq: “Dünyada və regionda qüvvələr nisbəti dəyişməkdədir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində önəmli rol almaqla və bir sıra transmilli layihələr həyata keçirməklə getdikcə regionun əsas dövlətinə çevrilməkdədir. Hesab edirəm ki, konkret olaraq bizə qarşı ədalətsiz mövqe sərgiləyən həmin dövlətlərlə siyasi və iqtisadi münasibətlərə yenidən baxılmalıdır. Dünyada bir güc hüququnun olması da artıq heç kimə sirr deyil. Sov Vətən savaşı bir məsələni də sübut etdi ki, güc ədalətin təmin olunmasında həlledici rol oynayır. Ona görə daha güclü olmalı və bu gücü qorumaq üçün daha çox çalışmalıyıq”.
“Yeni Müsavat”