
Bu gün Türkiyədən gələn bir xəbər bir daha hər birimizi qürurlandırdı. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Rəhbəri Fəxrəddin Altun mətbuata açıqlamasında dedi ki, “Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı Qafqaz İslam Ordusu və Xocalı qətlamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək. Bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək. Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”.
Əslində bu, gözlənilən bir ideya idi. Çünki hazırda Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Ümummil lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyası bu günümüzün reallığına çevrilib. İndi iki qardaş dövlətin 7-dən 77-dək bütün insanları eyni diləklə, eyni arzularla yaşayır. Bu isə çox gözəl perspektivlərdən xəbər verir.
Nəzərə alaq ki, 44 günlük nüharibədə Azərbaycan əsgəri də, əsgər valideynləri də, Azərbaycan dövləti də hər an arxasında Türkiyənin isti nəfəsini duydu. 6 hətəlik müharibədə 80 milyonluq Türkiyə Azərbaycan üçün səfərbər oldu. Ankaranın xarici siyasəti daha qabarıq şəkildə Azərbaycanın maraqları üzərində quruldu. Bəllidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlər tərəfindən məqsədli şəkildə uzadılırdı. Bu azmış kimi, Ermənistanın siyasi hakimiyyəti son vaxtlar açıq şəkildə Azərbaycan xalqının heysiyyatı ilə oynayırdı.
Belə bir vəziyyətdə isə Azərbaycan xalqı və onun lideri daha dayana bilməzdi. Və qəzəblə ayağa qalxan Azərbaycan dövləti çox qısa zaman kəsiyində düşməni diz çökdürdü. Ermənistanın hərbi kaputilyasiyasına nail olundu. 44 gün ərzində Azərbaycan xalqı hərbi, siyasi və ideoloji müharibədə hər an Türkiyə xalqının və hakimiyyətinin əvəzsiz dəstəyini hiss etdi. Türkiyənin siyasi dəstəyi olmasaydı, yəqin ki, Azərbaycanın ərazi bütövlüyü belə qısa zamanda bərpa olunmayacaqdı. Türkiyə sözün bütün mənalarında ABŞ və Rusiya kimi supergüclərin və ermənipərəst Avropa dövlətlərinin qarşısında sipər oldu.
Türkiyənin NATO üzvü olması da, necə deyərlər, işimizə çox yaradı. 44 günlük müharibədə Ermənistan və böyük erməni diasporu bütün vasitələrlə çalışdı ki, Rusiya münaqişəyə qoşulsun. Ermənilər təkcə Rusiyanı deyil, digər KTMT-yə üzv dövlətləri də münaqişəyə qoşmağa çalışırdı.
Amma Türkiyə faktoru həm Rusiyanı, həm də digər KTMT üzvlərini İkinci Qarabağ müharibəsində neytral mövqe nümayiş etdirməyə məcbur etdi. Çünki KTMT və yaxud Rusiya münaqişəyə qoşulsaydı, təbii ki, Türkiyə də kənarda qalmayacaq, qardaş Azərbaycanın hərbi müdafiəsinə qalxacaqdı. Bu isə hadisələri bəlkə də üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Amma reallıqları düzgün qiymətləndirən KTMT üzvləri, ən əsası da Rusiya seyrçi mövqeyi tutdu. Hələ Fransa və ABŞ-ı demirəm. Məhz Türkiyənin prinsipial mövqeyini görüb geri çəkildilər. Nəzərə alaq ki, ABŞ, Fransa və Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Bu dövlətlər istəsəydilər münaqişə üzrə həmsədr ölkələr kimi proseslərə müdaxilə edə bilərdilər. Ən azından məsələ BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarıla bilərdi. Bu hesaba da Azərbaycan Ordusunun zəfər yürüşü durdurulardı.
Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və balanslaşdırılmış siyasəti və Türkiyənin siyasi təşəbbüsləri bu kimi ehtimalların qarşısını aldı. Hələ onu demirəm ki, 44 günlük müharibədə Prezident Rəcəb Tayyib Ərdoğanla yanaşı, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli müdafiə naziri Hulusi Akar hər gün bu və ya digər açıqlamalar verdilər, Azərbaycanın sona qədər yanında olduqlarını bəyan etdilər. Türkiyə Böyük Millət Məclisinin bütün üzvləri və siyasi partiyalar birmənalı şəkildə Azərbaycanın hər addımını müdafiə etdilər.
Yada salaq ki, 44 günlük müharibə dövründə Türkiyə siyasilərinin nümayiş etdirdikləri birlik və həmrəylik çox qürurverici idi. Türkiyə siyasilərinin Azərbaycanın hüquqları uğrunda nümayiş etdirdikləri el birliyi bəlkə də qardaş ölkə tarixində bir ilk idi. Hələ onu demirəm ki, Türkiyə hərbi sənayesinin son nailiyyətlərinin İkinci Qarabağ müharibəsində tətbiqi dünyanı heyrətə saldı. “Bayraqtar-2” pilotsuz hücum təyyarələri sözün həqiqi mənasında ulduz müharibəsini xatırladırdı. Təsadüfi deyil ki, aparıcı xarici dövlətlər İkinci Qarabağ müharibəsini tarixin ilk “dron müharibəsi” kimi qeyd etdilər.
Bir sözlə, 44 günlük müharibədəki böyük qələbədə qardaş Türkiyənin danılmaz payı var. Təsadüfi deyil ki, cəbhə bölgəsindəki ən xırda uğurumuzu Türkiyədə böyük coşqu ilə qeyd edirdilər. Bütün televiziyaların ilk xəbəri Qarabağla başlayırdı, qəzetlərin və elektron KİV-lərin manşetini Azərbaycandan gələn xəbərlər bəzəyirdi. Ona görə də dekabrın 10-da Azadlıq meydanında təşkil olunan Qələbə paradında Türkiyə dövləti rəsmiləri ən yüksək səviyyədə təmsil olundular. Çünki qələbə sevincimizi tək bölüşə biləcəyimiz dövlət Türkiyə idi.