Kim Kardaşyan və Pamela Anderson kimi məşhurlara onu dəbdəbəli tədbirlərdə müşayiət etmək üçün yüz minlərlə dollar ödəməklə tanınan avstriyalı milyarder Riçard Lugner vəfat edib.
Onun 91 yaşı var idi. Lugner altıncı arvadı, 42 yaşlı aktrisa Simone Reilanderlə evləndikdən cəmi iki ay sonra vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Page Six” nəşri yazıb.
Mənbə qeyd edir ki, avstriyalı sahibkar Vyanadakı villasında dünyasını dəyişib.
Tikinti maqnatı olan milyarder iyun ayında Vyana meriyasında 42 yaşlı Reilanderlə evlənib. Aralarında 49 yaşlıq fərqi olan cütlük 50 qonaq və 30 mətbuat mənsubunun qarşısında izdivaca girmişdilər.
Daha sonra yeni evlənənlər yerli mətbuata “toy günündən daha uzun olan bir toy gecəsi keçirdik” açıqlamasını vermişdilər.
İyunun 21-də “The Sun” qəzeti yazıb ki, Lugner toydan qısa müddət sonra şiddətli bel ağrısı səbəbi ilə xəstəxanaya yerləşdirilib. O, zədəsini idman velosipedi ilə əlaqələndirib və gündəlik ağrıkəsici iynələr vurmağa məcbur olub.
Onun səhhəti pisləşməkdə davam edib və iyulun 12-də ürək qapağının yırtılması səbəbindən təcili olaraq Vyana Ümumi Xəstəxanasına aparılıb. Səhhətindəki problemlər məlum olduqdan sonra Lugner bildirib ki, onun dəfn mərasimi artıq planlaşdırılıb, başdaşı da sifariş edilib.
“Mən hər şeyin təşkil olunmasını istəyirəm. Varislərim nə etməli olduqlarını bilməlidirlər”, o, həmin vaxt jurnalistlərə bildirib.
Lugner bu yaxınlarda Reilanderin onun biznesinin tam idarəçiliyini öz üzərinə götürdüyünü bildirib.
“Həyat yoldaşım indi şalvar geyinir. O, məni fəal şəkildə dəstəkləməlidir. Bundan sonra işimizi bölüşəcəyik” deyən milyarder xanımını öz imperiyasının “yeganə patronu” adlandırıb.
Lugnerin karyerası 1990-cı ildə Avstriyanın yeddinci ən böyük ticarət mərkəzi olan “Lugner City”ni açdıqdan sonra başlayıb. O, həmçinin 1998 və 2016-cı illərdə yenidən Avstriya prezidentliyinə namizəd olmağa çalışıb.
Rəsmiyyə Şərifova
KONKRET.az