Avropa Birliyinin Ermənistandakı “müşahidə missiyası”nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər fevralın 17-də növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.
Xatırladaq ki, AB-nin Ermənistandakı “müşahidə missiyası” mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.
Qeyd edək ki, AB-nin Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadılıb.