“Abortlara görə sərt cəzalar tətbiq olunmalıdır” – AÇIQLAMAbackend

“Abortlara görə sərt cəzalar tətbiq olunmalıdır” - AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Baş müşaviri Fərid Babayev avqustun 2-də Mediada Gender Həssaslığının artırılması mövzusunda çıxışı zamanı Azərbaycanın selektiv abortlara görə ardıcıl 7 ildir ki, dünyada birinci yeri tutduğunu söyləyib.

“Azərbaycan qız uşaqlarının doğulmadan öldürülməsinə görə ön sıralardadır. Təsəvvür edin, bu abortlar birinci hamiləlikdə 2%, ikinci hamiləlikdə 25%, üçüncü hamiləlikdə isə 70%-dir. Uşağın cinsiyyətini müəyyən edən aparatlar bunu 14 həftədən sonra göstərə bilir. Qanuna görə isə yalnız 12 həftəyə kimi abort etmək mümkündür. Deməli, 14 həftədən sonra baş verən abort artıq cinayət sayılır”.

Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Elçin Bayramlı selektiv abortların artmasının 2 əsas səbəbin olduğunu söyləyib:

“Onlardan birincisi ailənin əlavə uşaq istəməsidir. Bu isə özlüyündə iki səbəbə aydılır – qız uşağın arzulanmaması və sosial problemlər səbəbindən əlavə uşaqdan imtina edilməsi. İkinci əsas səbəb isə əxlaqsızlıq və xəyanət nəticəsində təsadüfü hamiləliklərin aradan qaldırılmasıdır ki, bu da mənəvi deqradasiyyanın hansı səviyyədə olduğunun göstəricisidir”.

Sosioloqun sözlərinə görə, abortlar faktiki olaraq qətl hadisəsidir:

“Bu, hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror, ananın sağlamlığının məhv edilməsi deməkdir. Abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir. Yəni, abort ən qorxunc və ən dəhşətli bəladır. Xüsusən də selektiv abortlar daha təhlükəlidir. Ana bətnindəki körpələrin abort edilərək öldürülməsinin heç bir bəraəti ola bilməz. Bu, yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi halda mümkün sayıla bilər. Ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəza verdiyi halda, ana bətnindəki körpələrin qətlinə göz yumur”.

Ekspert bəzi ölkələrdə abortlara qarşı mühafizəkar qanunların olduğunu xatırladıb:

“Hətta bəzi Avropa ölkələrində abort etmək qadağandır və abort edən şəxs sərt şəkildə cəzalandırılır. Azərbaycan qanunvericiliyində də aborta məcbur və təhrik etməyə görə islah-əmək koloniyalarında cəza nəzərdə tutulub. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur. Faktiki olaraq, abort birbaşa qətl hadisəsidir, insan öldürməyə görə verilən cəzalar burada da tətbiq edilməlidir”.

Sosioloqun qənaətinə görə, abortlara geniş planda baxıldıqda bu, milli təhlükəsizlik məsələsidir:

“Bu proses gələcəkdə ağır fəsadlar verəcək. Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir effektiv iş görmür, hansısa ciddi təbirlər həyata keçirmir. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməli, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır”.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında icbari tibbi sığorta hesabına 42 039 abort edilib. Həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.

2021-ci ildən günümüzə qədər olan statistikanın müqayisəli təhlili də abortların sayında artımın olduğunu təsdiqləyir. 2022 ci ildə 57 999, 2023 cü ildə isə 73 816 abort olub.

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatına görə, keçən il doğulan 112 min 620 körpənin 59 814-ü oğlan, 52 806-sı qızdır. Hesabata görə, cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.

2022-ci il Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, Azərbaycanda 100 qıza 112 oğlan düşürdü. 2021-ci ildə isə bu rəqəm 100/116 nisbətində olub. Bioloji göstəricilərə görə, hər 100 qıza 102 oğlanın düşməsi normal göstəricidir

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*