Küveytin “Əl-Cərida” qəzetinin dünən yazdığına görə, Yaxın Şərqdə gərginliyin artması fonunda Amerika rəsmiləri İran hakimiyyətini sakitləşdirmək üçün gizli şəkildə Ankaradan İrana səfər ediblər.
KONKRET.az xəbər verir ki, Tehran rəhbərlərinə böyük müharibədən yayınmağın vacibliyi barədə xəbərdarlıq edilib.
İki saat davam edən kritik görüşdə rəsmilər İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ-ın Təl-Əvivin yanında olacağını, onun müdafiəsini dəstəkləyəcəyini bildiriblər və böyük müharibə istəmədiklərini vurğulayıblar.
Görüş zamanı Amerika nümayəndə heyəti xoşməramlılıq əlaməti olaraq İrana sızmış 10 “Mossad” agentinin siyahısını verib.
“Biz başa düşürük ki, siz prestij üçün hücum edirsiniz. Ancaq böyük bir şey etməyin. Əgər biz sizinlə dərhal nüvə sazişi bağlasaq, bu, Netanyahu üçün ən böyük zərbə olacaq”, – ABŞ nümayəndə heyəti İran rəsmilərinə bildirib.
Amerika nümayəndə heyəti izah edib ki, Bayden administrasiyası əsaslı dəyişikliklər etməyə və yeni regional balans yaratmağa çalışır.
Həmçinin vurğulanıb ki, Netanyahunun hakimiyyətdə qalması qlobal təhlükəsizliyə və sülhə töhfə vermir.
Günel Mikayılova,
KONKRET.az