ABŞ-Belarus yaxınlaşması: Lukaşenko Putinə xəyanət edir? – SENSASİON MƏQAMLARbackend

ABŞ-Belarus yaxınlaşması: Lukaşenko Putinə xəyanət edir? - SENSASİON MƏQAMLAR

“Belarusun ABŞ-la münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar Moskvanın narazılığına səbəb olmayacaq. Belarusun Vaşinqtonla yaxınlaşmaq cəhdləri Rusiyanın maraqları ilə ziddiyyət təşkil etmir, əksinə, bu proses Moskva ilə razılaşdırılmış şəkildə həyata keçirilə bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu səsləndirib:

Əli Zülfüqaroğlu

“Belarus Rusiyanın yaxın müttəfiqidir, Ukrayna müharibəsi və bir çox geosiyasi məsələlərdə Kremlə tam dəstək verir. Bu kontekstdə Belarusun ABŞ-la münasibətləri normallaşdırmaq təşəbbüsləri diqqət çəkir. Bu addımlar Moskva ilə kordinasiyalı şəkildə həyata keçirilir və Rusiyanın maraqlarına zidd deyil.
Hazırda Rusiya özü də ABŞ-la münasibətləri normallaşdırmaqda maraqlıdır. Tramp administrasiyası da Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına çalışır. Onun Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunmasına dair səyləri bu istiqamətdəki niyyətləri təsdiqləyir.
Baxmayaraq ki, Vladimir Putinin irəli sürdüyü maksimalist şərtlər və hücumları dayandırmaması ABŞ-da ictimai rəyin Trampa qarşı yönəlməsinə səbəb olur.”

Politoloq hesab edir ki, həm Tramp, həm də Putin münasibətlərin normallaşmasında maraqlıdır və Belarusun ABŞ-la yaxınlaşması bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər:

“Beləliklə, Belarusun Vaşinqtonla əlaqələrini yaxşılaşdırmaq təşəbbüsləri təsadüfi deyil və böyük ehtimalla, Moskva ilə razılaşdırılmış addımlardır. Bu isə onu göstərir ki, Minsk və Moskva atəşkəslə bağlı ABŞ-la yaşanan ziddiyyətləri aradan qaldırmağa və Vaşinqtonun Rusiyaya qarşı təzyiqləri artırmamasına çalışırlar”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*