ABŞ-ın Avropadakı izləmə SKANDALI: Azərbaycanda da mümkündürmü? – AÇIQLAMAbackend

ABŞ-ın Avropadakı izləmə SKANDALI: Azərbaycanda da mümkündürmü? - AÇIQLAMA

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (National Security Agency – NSA) Danimarkanın köməyi ilə Almaniyanın baş naziri Angela Merkeli izlədiyi ortaya çıxıb. Həmçinin MTA-nın Almaniyanın keçmiş xarici işlər naziri Frank Valter Ştaynmayeri, keçmiş müxalifət partiyası lideri Peer Ştaynbryuku, norveçli, isveçli, alman və fransız siyasətçiləri, yüksək vəzifəli şəxsləri izlədiyi xəbəri yayılıb.

KONKRET.az xəbər verir ki, Danimarka Dövlət Televiziyası, İsveç Dövlət Televiziyası, Norveç Dövlət Televiziyası, Almaniyanının “Süddeutsche Zeitung” qəzeti, Almaniyanın Birinci Televiziya Kanalının, Fransanın  “Le Monde” qəzetinin iştirakı ilə araşdırma dərc edilib.

Araşdırmada bildirilir ki, MTA yuxarıda sadalanan şəxslərin telefon nömrələrini izləyib, bu yolla onların şəxsi məlumatlarını əldə edib, hətta telefon danışıqlarını da dinləyib.

Danimarka Hərbi Kəşfiyyatı (FE, Forsvarets Efterretningstjeneste) ilə ABŞ MTA (NSA) arasında xüsusilə də Rusiya ilə Çini izləmək üçün Danimarkadan keçən kommunikasiya kabelləri üçün razılaşma əldə edilmişdi. MTA-nın fəaliyyətini gizli şəkildə izləyən və avropalı siyasətçiləri də izlədiyini ortaya çıxaran FE təşkilatı MTA-nın bu fəaliyyətini 2015-ci ilin may ayında hesabat şəkildə qeydə alsa da, həmin hesabat təşkilatdan kənara sızdırılmamışdı.

FE-nin ölkədəki kəşfiyyat təşkilatlarını müşahidə eləmək və izləmək səlahiyyətinə malik Kəşfiyyat Təşkilatlarını Araşdırma Şurasına sənədləri əskik təqdim elədiyi və yanlış məlumat verdiyi üçün 2020-ci il avqustun 21-də Danimarkanın müdafiə naziri Trine Bramsen 3 nəfər yüksək vəzifəli şəxsi işindən azad eləmişdi.

Danimarka ilə ABŞ arasında 1990-cı illərin axırlarında əldə edilmiş kabel razılaşmasına görə, Danimarka hökuməti torpaqlarından və quru sularından keçən internet və telekommunikasiya kabellərindəki məlumatlara ABŞ-ın əlinin çatmasına icazə verir.

Almaniya kanslerinin sözçüsü isə bildirib ki, iddialardan jurnalistlər soruşanda xəbər tutublar və əlavə şərh verilməyib. Almaniya hökuməti mayın 31-də məlumatı izlədiyini bildirib. İsveçin müdafiə naziri Piter Hultqvist yerli SVT televiziyasına deyib ki, bu məsələlər üzrə tam məlumat tələb edir. O, Danimarkanın iddiaları izah etməli olduğunu vurğulayıb.

Ümumiyyətlə, bu cür dinləmə qalmaqalları vaxtaşırı baş verir. Dövlətlər bir-birini gizlicə dinləyib, kəşfiyyat məlumatları əldə edirlər. Elə bir müddət əvvəl ABŞ Xüsusi Xidmət orqanlarının əməkdaşları tərəfindən dinlənilən ölkələrin siyahısı və xəritəsi ortaya çıxdı. Maraq doğuran məqamlardan biri də Azərbaycanın da həmin siyahıda olması idi.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin bütün dünyanı fərqli üsullarla dinlədiyi keçmiş agent Eduard Snoudenin açıqladığı sənədlər vasitəsi ilə ortaya çıxmışdı. ABŞ hökuməti də yaranan bu skandal üçün rəsmən üzr istəmək məcburiyyətində qalmışdı və dinləmələr apardığını qəbul etmişdi. Məlumata görə, Türkiyədəki GSM işçilərinin 75 faizi dinlənilib.

Gizli dinləmə qalmaqalı 2013-cü ildə üzə çıxmış və bundan sonra Ərdoğanın göstərişi ilə Türkiyənin polis sistemində kütləvi “təmizləmə əməliyyatı” başlamışdı. Minlərlə polis ya işdən çıxarılmış, ya da xidmət yeri dəyişidirilmişdi. Qanunsuz dinləmə həyata keçirdiyinə görə xeyli hüquq-mühafizə əməkdaşı barəsində təhqiqat başladılmışdı.

Bəs Azərbaycan hansısa ölkələri dinləyə bilirmi və yaxud Azərbaycanı hansısa dövlətlərin kəşfiyyat servisləri izləyə bilərmi? Yeni dinləmə texnologiyaları dinləməyi və dinlənməni hara qədər əngəlləyə bilir?

Təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayılın musavat.com-a bildirdiyinə görə, Angela Merkellə bağlı məsələ ilk dəfə baş vermir. İ.İsmayıl yada salır ki, bir neçə il qabaq təkcə Merkel yox, digər ölkələrin dövlət başçılarını izləmək məsələsi ortaya çıxmışdı: “Fransa prezidenti bəyanat vermişdi ki, müttəfiqləri izləmək düzgün deyil. Amma Amerikanın imkanları buna çatır. Həm texnologiya, həm sputnikləri imkan verir ki, xarici dövlətlərin liderlərini dinləsin”.

İ.İsmayılın fikrincə, bizi də tamamilə dinləyə bilərlər: “Bununla bağlı xüsusi çətinlikləri yoxdur. Əgər Merkeli dinləyirlərsə, bizi də, başqa ölkələrin siyasətçilərini də dinləyə bilərlər. Bizim özümüzə gəldikdə isə Azərbaycanın sputnikləri var. Bəlkə onun köməyi ilə dinləyə bilərik. Ancaq bu haqda dəqiq informasiyam yoxdur, olsa belə, bunu söyləmək düzgün olmaz”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Azərbaycanda dinləmə texnologiyası var və hələ ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində keçirilən əməliyyat zamanı dinləmə qurğuları olduğu məlum olmuşdu. Ekspertin sözlərinə görə, Azərbaycanın Xarici Kəşfiyyat Xidməti yaradılıb və ölkənin təhlükəsizliyi, terrorizmə qarşı mübarizə istiqamətində potensial risklərin qarşısının alınması üçün dinləmə servisindən istifadə olunması mümkündür. Onun fikrincə, xüsusən müharibədən sonra bu məsələ aktualdır. R.Məmmədova istisna etmir ki, Merkeli dinləyən ABŞ kəşfiyyatı başqa dövlətlərin liderlərini də izləyə, dinləyə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*