Amerika Birləşmiş Ştatları İranla mümkün toqquşma fonunda strateji hərbi hazırlıqlarını gücləndirir. UK Defence Journal nəşrinin məlumatına görə, ABŞ-ın Missuri ştatındakı Uaytmen hərbi-hava bazasından havaya qalxan B-2A Spirit tipli stels-bombardmançı təyyarələr hazırda Hind okeanındakı Diego-Qarsiya adasına doğru istiqamət alıblar.
KONKRET.az xəbər verir ki, bombardmançıları Kansas üzərində onlara qoşulan 8 ədəd KC-135 Stratotanker yanacaqdaşıyan təyyarə müşayiət edir. Nəşr vurğulayır ki, bu hərəkət İsrail-İran arasında artan gərginlik fonunda Pentaqonun hərbi-texniki tədbirlər gördüyünü göstərir.
Diego-Qarsiya bazası İrandan təxminən 4700 kilometr məsafədə yerləşir. B-2A bombardmançılarının döyüş radiusu 9000–10 000 km civarındadır və onlar İraq və Yuqoslaviya kampaniyalarında fəal şəkildə iştirak ediblər.
Qeyd olunur ki, B-2 Spirit təyyarələri ABŞ arsenalında ən bahalı və texnoloji cəhətdən inkişaf etmiş bombardmançılar sayılır. Onlar həm adi, həm də nüvə başlıqlı silahlar, o cümlədən 13 tonluq yeraltı bunkerə nüfuz edən Massive Ordnance Penetrator (MOP) bombaları daşımaq qabiliyyətinə malikdirlər.
Natiq Səlim,
KONKRET.az