ABŞ-ın ən qalmaqallı prezidenti: Donald Tramp kimdir?backend

ABŞ-ın ən qalmaqallı prezidenti: Donald Tramp kimdir?

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi dəqiqləşməyə başlayıb. Amerika mediasına görə, qələbə Trampındır. Məsələn, “Nyu-York Tayms” onun qələbəsinə 99 faiz əmindir, “Fox” isə 100 faiz.

Bəs qarşıdakı dövrdə yenidən ABŞ-a rəhbərlik edəcəyi gözlənilən Tramp kimdir?

KONKRET.az onun tərcümeyi-halını təqdim edir.

Donaldın hekayəsi 1946-cı ildə Nyu-Yorkda başlayıb. O, dövrün daşınmaz əmlak maqnatı Fred Trampın dördüncü övladı olaraq dünyaya gəlib. Məktəbdə yaşadığı problemlərə görə 13 yaşında hərbi akademiyaya göndərilib. Pensilvaniya Universitetinin dünyaca məşhur Uorton məktəbində biznesin idarə edilməsi üzrə təhsil alıb.

Böyük qardaşı pilot olmaq qərarına gəldikdən sonra ailə biznesində atasını əvəzləməyə ən güclü namizəd olub.

Tramp 1971-ci ildə idarəetməni təhvil aldıqdan sonra ailə şirkəti Manhettendə böyük layihələrə üstünlük verməyə başlayıb. Onların arasında məşhur “Trump Tower” də vardı.

Bu illər ərzində Tramp bir çox ölkədə otel inşa edib.

Məşhur iş adamı əyləncə sənayesində də ad çıxarıb. 1996-2015-ci illərdə “Miss Universe”, “Miss USA” və “Miss Teen USA” gözəllik müsabiqələrini təşkil edib.

2003-cü ildə NBC telekanalının “The Apprentice” proqramına qatılıb. Bu proqramda iştirakçılar Trampın şirkətində rəhbər vəzifə üçün yarışıblar.

Dünyanın ən zənginləri sırasında

Tramp uzun illərdir “Forbes”in “Dünyanın 400 ən zəngin insanı” siyahısındadır. Nəşr onun sərvətini 3 milyard dollardan bir qədər çox qiymətləndirsə də, Donald bunun əslində 10 milyard dollar olduğunu iddia edir. Ancaq 2023-cü ildə dərc olunan ən son siyahıya düşə bilməyib.

“Forbes” onun bir ildə təxminən 600 milyon dollar itirdiyi və sərvətinin indi 2.6 milyard dollar olduğunu açıqlayıb.

Evlilik həyatı

Trampın üç evliliyindən beş övladı var.

Tramp ilk dəfə 1977-ci ildə Çexoslovakiyada anadan olmuş məşhur model İvana Zelniçova ilə evlənib. Bu evlilikdən Donald, İvanka və Erik adlı üç övladı olan cütlük 1990-cı ildə boşanıb.

Tramp 1993-cü ildə amerikalı televiziya aparıcısı Marle Meyplsla evlənib, ondan Tiffani adlı bir qızı var. Cütlük 1996-cı ildə ayrılmaq qərarına gəlib.

Tramp sonuncu dəfə 2005-ci ildə sloven əsilli model Melaniya Knaussla evlənib. Cütlüyün 2006-cı ildə oğlu Barron anadan olub.

Böyük qardaşını alkoqol asılılığı səbəbindən itirən Tramp bu səbəbdən həyatı boyu spirtli içki və siqaretdən uzaq durduğunu deyir.

Siyasi fəaliyyəti

Tramp 1980-ci illərdən prezidentliyə namizəd olmağı düşündüyü siqnalını versə də, ilk dəfə 2000-ci ildə namizədliyini rəsmən elan edib. İslahat Partiyası ilə seçkilərə girməyə ümid edən Trampın kampaniyası qısa çəkib. Sonrakı illərdə dəfələrlə namizədliklə bağlı mesajlar versə də, heç biri reallaşmayıb.

2008-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Barak Obama qalib gəlib. Tramp o dönəmdə Obamanın ABŞ-da doğulmadığı iddiasını yaymışdı. Bu iddialar dəfələrlə təkzib edilsə də, illərlə gündəmdədir.

Bir çox şərhçi Trampın 2016-cı il seçki kampaniyasının da qısamüddətli olacağını düşünürdü. Demokratlar Partiyasının təcrübəli siması, keçmiş dövlət katibi Hillari Klintona qalib gəlmək ehtimalı çox aşağı hesab edilirdi. Amma Klinton səslərin çoxunu alsa da, Amerika seçki sisteminin xüsusi strukturu sayəsində Tramp seçkidə qalib gəldi və ABŞ-ın 45-ci prezidenti oldu.

Qalmaqallı qərarlar

Trampın prezidentliyi ölkə daxildə və xaricdə verdiyi gözlənilməz qərarlarla yadda qalıb. Ağ Evə gəldikdən qısa müddət sonra immiqrasiya qaydalarını sərtləşdirdi və sərhədi qanunsuz keçməyə çalışan uşaqları ailələrindən ayırmaq kimi təcrübələri həyata keçirdi. Həmçinin bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişini qadağan elədi.

Trampın koronavirus pandemiyası zamanı verdiyi açıqlamalar və əməlləri ekspertlərin də reaksiyasına səbəb olub. Bu qərarlar liberal və solçu qruplar tərəfindən etirazla qarşılanıb.

Bir çox analitiklər Trampın siyasətinin ABŞ-da qütbləşməni daha da artıra biləcəyini düşünsə də, bu addımları daxildə Trampa dəstəyi gücləndirib.

Trampın əvvəlki dövründə xarici siyasətdə də sərt dönüşlər olub. Bu müddətdə ABŞ bəzi əsas beynəlxalq müqavilələrdən çıxıb. Bunlar arasında İranla nüvə sazişi, iqlim dəyişikliyi üzrə Paris müqaviləsi və Asiya ölkələri ilə Trans-Sakit okean tərəfdaşlığı vardı.

ABŞ İsrail səfirliyini Təl-Əvivdən Qüdsə (Yerusəlim) köçürməklə Yaxın Şərq tarixində kritik bir qərara imza atıb. Bu dövrdə Tramp İsrailin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynlə diplomatik əlaqələr quracağı müqaviləyə vasitəçi kimi çıxış edib.

Trampın prezidentliyinin ilkin mərhələlərində ABŞ və Şimali Koreya bir-birini təhdid edirdi. Amma o, 2018-ci ildə Şimali Koreya lideri Kim Çen Inla görüşmüşdü.

Analitiklərə görə, Trampın xarici siyasətinin əsasını ABŞ-ın ölkə xaricində hərbi mövcudluğunu azaltmaq cəhdi təşkil edirdi.

 

Baydenlə gərgin mübarizə

Tramp 2020-ci ildə ikinci dəfə prezident olmaq üçün Demokratlar Partiyasının namizədi Co Baydenlə yarışa girmişdi. Noyabrın 3-də keçirilən seçkilərdə 7 milyon səs fərqi ilə uduzdu. Amma Tramp və tərəfdarları seçkinin saxtalaşdırıldığını iddia etdilər. Bu, günlərlə davam edən etirazlara səbəb oldu.

ABŞ Konqresinin 2021-ci il yanvarın 6-da seçkilərin nəticələrini təsdiqləmək üçün toplaşdığı zaman baş verənlər Amerika tarixinə düşmüşdü. Konqres üzvləri toplaşarkən seçkinin nəticələrini qəbul etməyən Tramp tərəfdarları binaya basqın etmişdilər. Bayden bunu “qiyam” adlandırmışdı.

Tramp hadisələrin başlanmasından təxminən 3 saat sonra video yayımlayaraq, tərəfdarlarından evlərinə qayıtmalarını istəmişdi.

Binadakı vəziyyət nəzarət altına alındıqdan sonra Konqres yanvarın 7-də seçkilərin nəticələrini təsdiqləyib. Tramp bundan sonra Baydenin qələbəsini etiraf etsə də, yanvarın 20-də keçirilən andiçmə mərasiminə qatılmayıb.

Tramp hadisələr zamanı “kütləni təşviq etmək” və “hökumətə qarşı sui-qəsd” ittihamlarını rədd edir.

Ağ Evi tərk etməsindən sonra bir-birinin ardınca Trampa qarşı araşdırmalar başlayıb.

Yeganə ABŞ prezidentidir ki…

Mühakimə olunan ilk ABŞ prezidenti kimi Trampa qarşı dörd əsas ittiham var:

Konqres basqını

Federal prokurorlar Trampın məmurlara 2020-ci il seçkilərinin nəticələrini dəyişmək üçün təzyiq etdiyini, seçki prosesi ilə bağlı bilərəkdən yalan xəbərlər yaydığını və Konqresə basqından sui-istifadə etdiyini iddia edirlər.

Tramp bütün ittihamları rədd edir, bunun arxasında Bayden administrasiyasının dayandığını deyir.

Məhkəmə hələ də davam edir.

Corciya seçkilərinin nəticələri

Tramp 2020-ci il seçkilərindən sonra seçki nəticələrini dəyişdirmək üçün sui-qəsddə iştirakda ittiham olunur. İşin əsasını telefon danışığının qeydi təşkil edir. Bu səs yazısında Tramp olduğu iddia edilən şəxsin ştatın seçki orqanlarından “11.7 səs tapmalarını” istəməsi eşidilir.

Tramp 10 ayrı maddə ilə ittiham olunur. Prezident bütün ittihamları rədd edir.

Məxfi sənədlər

Başqa bir işdə Tramp Floridadakı evində məxfi sənədlər saxlamaq və tələb olunduqda geri qaytarmamaqda ittiham olunur. İttihamlara casusluq qanunu çərçivəsində milli təhlükəsizlik sənədlərinin ələ keçirilməsi daxildir.

Pornoulduzla eşq iddiası

Tramp həm də keçmiş pornoulduz Stormi Denielsə etdiyi ödənişi qeydə almamaqda ittiham olunur. Həmin iddiaya görə, Tramp Denielsə münasibətlərini açıqlamaması müqabilində 130 min dollar ödəyib. Bununla belə, Tramp Denielslə münasibətdə olmasını qəti şəkildə inkar edir. Əslində, belə bir hal üçün pul ödəmək özlüyündə qanunsuz deyil. Amma ittihamlar Trampın keçmiş vəkilinin bu ödənişi xərc kimi göstərərək gizlətməsi iddialarına əsaslanır.

2024-cü ilin mayında münsiflər heyəti Trampı seçkilərin maliyyələşdirilməsi qanununa əsasən 34 maddə üzrə təqsirli bilib. Trampa görə, iş siyasidir.

Tramp barəsində irəli sürülən maraqlı iddialardan biri də onun Rusiya, şəxsən Prezident Vladimir Putinlə yaxın və ya gizli əlaqələrinin olması ilə bağlıdır. Hətta 2016-cı ildə onu qələbə aparan seçkilərin Rusiya tərəfindən saxtalaşdırılması ilə bağlı rezonans doğuran iddialar da vardı. Tramp bununla da razılaşmır.

Sui-qəsd cəhdi

Tramp 2022-ci ilin noyabrında yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. Bu erkən bəyanat Respublikaçılar Partiyası daxilindəki rəqiblərinin onun yolunu kəsmək cəhdi ilə əlaqələndirilmişdi.

2023-cü ilin martına qədər Trampın partiya daxilində yeganə önəmli rəqibi ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli idi. Heyli kampaniyasını dayandırdıqdan sonra Tramp partiyanın vahid namizədi oldu.

İyulun 13-də Pensilvaniyada seçki mitinqində sui-qəsd cəhdindən salamat çıxan Tramp qulağından yaralanıb. Hadisədən sonra Trampın o vaxtkı namizəd Co Baydenə qarşı seçki şanslarının daha da artdığına dair şərhlər edilib. Amma iyulun 21-də Bayden gözlənilmədən namizədliyini geri götürdü. Demokratlar Partiyasının yarışa 59 yaşlı Kamala Harrislə qatılması Trampın şanslarını azaldacağı deyilsə də, seçkilərin nəticələri bunun əksini sübut elədi./teleqrafcom

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*