ABŞ-ın “Fox News” telekanalında yayımlanan analitik proqramda İranda yerləşən yeraltı obyektlərə mümkün zərbələr müzakirə olunub. Ekspertlər İranın nüvə infrastrukturlarının yerləşdiyi dərinliyi və onları məhv etmək üçün lazım olan taktikanı geniş şəkildə izah ediblər.
KONKRET.az xəbər verir ki, studiyada çıxış edən hərbi analitik bildirib:
“Bizə təqdim olunan məlumatlara əsasən, obyektlərin yerləşdiyi dərinlik 200 futdan 300 futa (təxminən 60–90 metr) qədərdir. Bəzi mənbələr bunu 1000 fut kimi təqdim edir, lakin məncə, bu artıq təbliğat xarakteri daşıyır. Əsas məsələ budur ki, əgər siz “Top Gun: Maverick” filmini izləmisinizsə, oradakı ssenarinin artıq gerçək həyatda baş verdiyini dərk etmək insanı az qala dəhşətə gətirir”.
Ekspert əlavə edib ki, belə bir hədəfi məhv etmək üçün təkcə bir bomba kifayət etməyəcək:
“Buna bənzər obyektləri vurmaq üçün bir neçə mərhələli zərbələrə ehtiyac olacaq. Əvvəlcə ilk bomba obyektin üst qatını deşəcək, sonra isə ikinci mərhələdə daha dərinlikdə yerləşən əsas infrastruktura yönəlik yeni zərbələr endiriləcək. Məqsəd – təxminən 60 metr və daha dərinliyə nüfuz etməkdir”.
Ekspertlər hesab edir ki, bu tip hücumlarda ABŞ-ın B-2 Spirit bombardmançıları və Massive Ordnance Penetrator (MOP) tipli dərinlik bombaları əsas rol oynayacaq.
Natiq Səlim,
KONKRET.az