ABŞ Çinə Hörmüz boğazı ilə bağlı çağırış edib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, dövlət katibi Marko Rubio “Fox News”-a açıqlamasında Pekini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırıb.
“Mən Çin hökumətini İrana zəng etməyə çağırıram. Çin neft tələbatı ilə bağlı Hörmüz boğazından çox asılıdır”, – deyə Marko Rubio vurğulayıb.
ABŞ dövlət katibi qeyd edib ki, İran Hörmüz boğazını bağlasa, bu, növbəti dəhşətli səhv olacaq: “Əgər bunu edərlərsə, bu, onlar üçün iqtisadi intihar olar. Biz bu məsələylə məşğul olmaq variantlarını gündəmdə saxlayırıq”.
Qeyd edək ki, bu gün İran İslam Şurası (İran parlamenti) Hörmüz boğazının bağlanmasını dəstəkləyib. Ancaq bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir.
Hazırda qlobal neft və qaz tədarükününü 20 faizindən çoxu bu boğaz üzərindən daşınır. Hörmüzdən hər gün 17-20 milyon barel neft yüklü tankerlər keçir. Boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, İraq kimi ölkələrin nefti dünyaya ixrac olunur. Köfrəzdən daşınan neftin böyük hissəsi Səudiyyə Ərəbistanına məxsusdur.