ABŞ Putinə bir neçə gün vaxt verdi – ƏKS HALDA…backend

ABŞ Putinə bir neçə gün vaxt verdi - ƏKS HALDA...

Amerikalı senatorlar Lindsi Qrem və Riçard Blyumental Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə sülh danışıqlarına dürüst və real əsaslarla başlamaq üçün bir neçə gün möhlət veriblər. Əgər Moskva bu şansı da havaya sovurarsa, ABŞ Senatı misli görünməmiş sərt sanksiyaları qüvvəyə mindirəcək. Sözügedən qanun layihəsi artıq 80-dən çox senator tərəfindən dəstəklənib.

KONKRET.az xəbər verir ki, senatorların yaydığı birgə bəyanatda deyilir:

“Rusiya atəşkəs üçün real və konkret şərtlər təqdim etməlidir. Əgər bu da sadəcə növbəti teatr nümayişinə çevrilərsə, Senat sərt və həlledici cavab verəcək.”

Təklif edilən qanun layihəsində Rusiyadan idxal olunan neft, qaz və urana 500 faizədək gömrük rüsumları tətbiq olunması nəzərdə tutulur. Bundan əlavə, Rusiya banklarına və maliyyə institutlarına qarşı genişmiqyaslı sanksiyalar paketi hazırlanıb.

Senatorlar bildirirlər ki, bu təşəbbüsün məqsədi Rusiyanı “ticarət baxımından təcrid olunmuş ada” halına gətirməkdir. Onlar həmçinin bu təcrid siyasətinə qarşı çıxan və Rusiyanı iqtisadi cəhətdən dəstəkləyən dövlətlərə qarşı da cəza tədbirləri tətbiq olunacağını vurğulayıblar. Xüsusilə Çin hədəf göstərilib – senatorlar Pekini “kölgə donanması” vasitəsilə Rusiya neftini almaqda və dolayısı ilə Kremlə resurs təmin etməkdə ittiham edirlər.

Senator Blyumentalın sözlərinə görə:

“Rusiya iqtisadi cəhətdən dəstəklənməsə, bu müharibəni davam etdirmək iqtidarında olmayacaq. Biz Kremlin bu dayaqlarını kəsmək niyyətindəyik.”

Bu mövqedə ABŞ-ın məqsədi təkcə Rusiyanı zəiflətmək deyil, eyni zamanda beynəlxalq aləmdə Moskvaya iqtisadi dayaq olan hər kəsə mesaj verməkdir: bu yolda davam etmək, ABŞ-ın sanksiya rejiminə tuş gəlmək deməkdir.

Görünən odur ki, Vaşinqton, diplomatik ümidlər tükənərsə, Rusiya iqtisadiyyatına qarşı tammiqyaslı hücum planını artıq hazırlayıb. Kreml isə hələlik bu xəbərdarlıqlara reaksiyasız qalmağa üstünlük verir. Amma bu dəfə vaxt məhduddur – geri sayım başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*