“Bakı üçün dünya dövlətləri, o cümlədən ABŞ və Rusiya arasında münasibətlərin normallaşması arzuolunan haldır. Çünki qlobal miqyasda sabitlik və qarşıdurmaların azalması Azərbaycan kimi sülhə və iqtisadi inkişafa üstünlük verən ölkələrə yeni imkanlar yaradır”.
Bu sözləri KONKRET.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib:
Elçin Xalidbəyli
“ABŞ və Rusiya arasında gərginliyin azalması ümumi geosiyasi fonu yumşaldır, bu da Azərbaycan üçün müəyyən mənada müsbət sayılır. Lakin reallıqda bu iki dövlət arasında ciddi fikir ayrılıqları və maraqlar ziddiyyəti mövcuddur. Bu səbəbdən onların münasibətlərinin uzunmüddətli və dayanıqlı şəkildə normallaşacağına dair gözləntilər sadəlövh yanaşma kimi qiymətləndirilir.
ABŞ və Rusiya arasında münasibətlər müvəqqəti olaraq yaxşılaşa bilər, lakin qlobal hegemonluq uğrunda rəqabət bu iki güc arasında toqquşmaları qaçılmaz edir”.
Ekspert bildirir ki, bu iki ölkənin münasibətlərindəki istənilən yumşalma Azərbaycan-Rusiya münasibətlərinə ciddi və birbaşa pozitiv təsir göstərəcək qədər real deyil. Çünki Moskvanın imperialist siyasi xətti hələ də aktual olaraq qalır. Bu xətt əsasən yaxın qonşular üzərində təsir imkanlarını qoruyub saxlamağa yönəlib:
“Buna görə də Azərbaycan üçün əsas hədəf ABŞ-Rusiya münasibətlərindən daha çox, Rusiya ilə birbaşa münasibətlərin normal olmasıdır”.
Elçin Xalidbəyli hesab edir ki, Bakı və Moskva arasında bərabərhüquqlu və mehriban qonşuluq münasibətlərinin qorunması Azərbaycan üçün daha önəmlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az