ABŞ Rusiyaya qarşı hansı yeni sanksiyalar tətbiq edib? – SİYAHIbackend

ABŞ Rusiyaya qarşı hansı yeni sanksiyalar tətbiq edib? - SİYAHI

ABŞ “Sberbank” və “Qazprombank”ın rəhbərliyinə qarşı viza məhdudiyyəti tətbiq edib. Həmçinin bir neçə Rusiya telekanalı “qara siyahı”ya salınıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yeni sanksiyaların siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

ABŞ-ın yeni sanksiya siyahısında nə qədər rusiyalı var?

Məlumatda bildirilir ki, 33 Rusiya vətəndaşı və 22 hüquqi şəxs viza məhdudiyyətinə məruz qalıb. Söhbət xüsusilə, “Sberbank”, “Qazprombank”, “Moskva Sənaye Bankı”nın top menecerlərindən gedir. Hətta “Sberbank”ın idarə heyəti sədrinin müavinləri Olqa Qolodets və Bella Zlatkis, həmçinin bankın vitse-prezidenti Natalya Alımova da var.

Eyni zamanda “Birinci Kanal”, “Rossiya-1” və NTV kanalları da “qara siyahı”ya salınıb. Üstəlik, indi bütün Amerika şirkətlərinə bu televiziyaların efirində reklam sifariş etmək, eləcə də onlara avadanlıq vermək qadağandır. ABŞ Maliyyə Nazirliyi televiziya kanalları ilə əməliyyatların iyunun 7-nə qədər tamamlanmasını əmr edib.

Vaşinqton Rusiyanın sənaye sektoruna hansı sanksiyaları tətbiq edib?

ABŞ həmçinin Rusiyanın sənaye sektoruna qarşı əlavə məhdudiyyətlər tətbiq edib. Bunlara daxildir:

ağac məhsulları;

qazanlar;

sənaye mühərrikləri;

mühərriklər;

havalandırma avadanlığı;

buldozerlər;

sənaye və kommersiya məqsədli digər əşyalar.

Ağ Ev ABŞ şirkətlərinə avqustun 20-dək Rusiyanın audit şirkətləri ilə bütün əməliyyatları başa çatdırmağı tapşırıb. Vaşinqton həmçinin Rusiya neftinin idxalını tədricən dayandırmağa və ya qadağan etməyə hazırdır: “Böyük Yeddilik qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərini sürətləndirir, sabit qlobal enerji təchizatını təmin etmək üçün birlikdə işləmək öhdəliyi götürür” – bəyanatda vurğulanıb.

ABŞ son dəfə nə vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq edib?

Vaşinqton sonuncu dəfə aprel ayında Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmişdi. Daha sonra sanksiya siyahısına Mərkəzi Bank rəhbərinin müavinləri Elvira Nabiullina, “Otkritie Bank”ın rəhbərliyi  və iş adamı Konstantin Malofeyevin oğlu da daxil edilib. Ümumilikdə siyahıda 29 nəfərin və 40 təşkilatın adı var idi.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*