ABŞ və QƏRB üz döndərib: “Qucaqdan-qucağa atılan İrəvanın hayqırtısı milçək vızıltısı qədər də eşidilmir”backend

ABŞ və QƏRB üz döndərib: “Qucaqdan-qucağa atılan İrəvanın hayqırtısı milçək vızıltısı qədər də eşidilmir”

“Alyans Azərbaycana yalnız təşəkkürünü bildirir, onun siyasətini heç vaxt pisləmir”.

KONKRET.az xəbər verir ki, KTMT-nin İrəvan sammitində baş verənlər Ermənistana sözün bütün mənalarında “od qoyub”. Ona görə də, son vaxtlar erməni mediasında anti-Rusiya və anti-Azərbaycan meylli yazıların sayı artıb.

İndi də ermənilər müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin birinci müavini admiral Kristofer Qredi ilə görüşündən bərk narahatlıq keçirirlər.

Qeyd edək ki, bu görüşdə Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Hadisələrin bu cür inkişafı rəsmi Bakını sevindirsə də, quyruğu qapı arasında qalan Ermənistanın üzü gülmür. Çünki regionda və bölgədə baş verən proseslərin heç də Ermənistanın xeyirinə olmadığı İrəvanda yaxşı başa düşülür.

Üstəlik, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycana yardımın ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu deməsi də erməniləri qıcıqlandıran amillər sırasında yer alıb. Donfridin sözlərinə görə, Azərbaycana yardım sərhəd təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. “Bu, İrandan gələn transmilli təhlükələrə qarşı mühüm nəticələr verib və Cənubi Qafqaz, Rusiya və Avropaya qaçaqmalçılıq marşrutlarını pozub” – deyə Donfrid vurğulayıb.

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı Qərbin Rusiya təchizatından asılılığını azaltmağa kömək edəcək. Bu barədə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edən Karen Donfrid deyib:

“Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan həddindən artıq asılı olan bütün ölkələr başqa [təchizat] mənbələri axtarırlar. Bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Düşünürəm ki, rəsmi bakı bu istiqamətdə çox mühüm rol oynamağa davam edəcək. Biz Rusiyadan uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə etdik”, – Donfrid bildirib.

Göründüyü kimi, ABŞ Azərbaycanın region üçün nə qədər əhəmiyyətli bir dövlət olduğunu yaxşı anlayır. Üstəlik sözdə Ermənistanla müttəfiq olan Rusiya da rəsmi İrəvana artıq heç bir dəstək nümayiş etdirmir. Odur ki, əli hər yerdən üzülən Ermənistan çarəsiz vəziyyətdə küncə sıxışdırılır. Ermənilərin əlindən isə “Azərbaycan bizim ərazimizdədir” ifadəsi ilə dünyaya bağırmaqdan başqa bir şey qalmır. Əslində qucaqdan-qucağa atılan İrəvanın bu hayqırtısı milçək vızıltısı qədər də eşidilmir və dünya gücləri üçün heç bir əhəmiyyət kəsb etmir.

Bu gün Ermənistanın boş və mənasız arqumentlərini nə ABŞ, nə NATO, nə də KTMT dinləmək istəyir. NATO günləri çərçivəsində Azərbaycanda səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının nümayəndələri “N” saylı hərbi hissələrə baş çəkiblər. Ermənilər isə bu xəbərlərdən daha da qıcıqlanaraq, “Alyans Azərbaycana yalnız təşəkkürünü bildirir, onun düşmənçilik siyasətini heç vaxt pisləmir” – deyə bağırırlar.

Əslində “erməni demokratiyası”nı yalnız “böyük və azad” Fransa dəstəkləyir. Təbii ki, Paşinyanla daha çox “iki bacı” kimi olan Makronun və onun demokratiyanın “d” hərfi müşahidə edilməyən ölkəsinin Ermənistanı dəstəkləməsi təəccüblü görünməməlidir. Amma nə qədər aparıcı dövlət olsa da, bütöv Qərbin Azərbaycana münasibətinin yanında Fransanın mövqeyi çox cılız görünür və heç bir siyasi əhəmiyyət daşımır.

Bir sözlə bu gün Türkiyə-Azərbaycan tandem nəinki regionda, həmçinin bütün dünyada öz sözünü deməyi bacarır. Qərbin, ABŞ-ın, NATO-nun və hətta Ermənistanın üzv olduğu KTMT-nin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi isə həyata keçirilən məqsədyönlü xarici siyasətin təzahürü kimi səciyyələndirilməlidir. Ermənistan isə artıq taleyin ümidinə buraxılıb. Odur ki, ermənilər bunun günahını təkcə Rusiya və Türkiyə-Azərbaycan tandemində deyil, həm də ABŞ və bütün demokratik Qərbdə görürlər. Hər bir halda Ermənistanın nəyi necə görməsi heç kimə maraqlı deyil. Necə deyərlər, “dəyirman öz işindədir, çaxçax baş ağrıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*