Humanitar səbəblərdən ABŞ-a müvəqqəti giriş istəyən yüzlərlə Əfqanıstan vətəndaşının müraciətləri rədd edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, vizalar ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri Bürosu tərəfindən qəbul edilməyib.
Bildirilib ki, Büro ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra “humanitar statuslu vizalar” üçün 35 mindən çox müraciət qəbul edib.
Qurumun sözçüsü Viktoriya Palmer bu həftə 140-dan çox müraciəti şərti olaraq qəbul etdiklərini, 470-ə yaxın müraciətin isə rədd edildiyini söyləyib.
Mühacir hüquqları müdafiəçiləri Co Bayden administrasiyasını ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra geridə qalan əfqanlara yardım vədini yerinə yetirmədiyinə görə tənqid edib.
ABŞ-da qanuni daimi yaşayış yeri təklif etməyən bu proqrama hər il təxminən 2000 müraciət daxil olur və orta hesabla 500 müraciət qəbul edilir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, administrasiya bu il təxliyyə edilmiş 95 min Əfqanıstan vətəndaşını ABŞ-a yerləşdirməyi planlaşdırır.